TÜRK PA-nın III plenar sessiyası başa çatdı

Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türkdilli Ölkələrin Parlament Assambleyasının III plenar sessiyası başa çatıb. SİA-nın xəbərinə görə, iclasa Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Ramil Həsənovun rəhbərliyi ilə nümayəndə heyətləri, Azərbaycan parlamentinin sədri Oqtay Əsədov, Türkiyə parlamentinin sədri Cəmil Çiçək, Qazaxıstanın spikeri Nurlan Niqmatulin, Qırğızıstanın spikeri Asılbek Jeenbekov, həmçinin Türk Konseyi, TÜRKSOY, İslam Əməkdaşlıq Təşkilatının Parlament Birliyi və digər beynəlxalq təşkilatların nümayəndələri qatılıb.


Milli Məclisin spikeri Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinə parlamentin aparat rəhbəri Səfa Mirzəyev, parlamentin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, deputatlar Əhliman Əmiraslanov, Sevinc Hüseynova, Çingiz Qənizadə, Ülvi Quliyev və Sədaqət Vəliyeva daxil olub. İclasda Qırğızıstan parlamentinin sədri Asılbek Jeenbekov ölkə prezidenti Almazbek Atambayevin təbrik iştirakçılarına təbriki oxunub. Spiker türkdilli dövlətlər arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli və şoxtərəfli formatda əlaqələrin getdikcə dərinləşdiyini qeyd edib.


Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov isə artıq 3 ildir Türkdilli Ölkələrin Parlament Assambleyasının təsis edildiyini deyib. Onun sözlərinə görə, assambleya çərçivəsində iş birliyi dövlətlər arasında siyasi, iqtisadi, mədəni və digər əlaqələrin daha da dərinləşməsinə şərait yaradıb: "Ötən dövrdə TürkPA-nın beynəlxalq aləmdə tanıdılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Təşkilatımız dünyanın 152 ölkəsinin üzv olduğu Parlamentlərarası İttifaqda və İslam Əməkdaşlığı Təşkilatının Parlament Birliyində müşahidəçi statusu alıb, ATƏT-in Parlament Assambleyasının fəaliyyətində xüsusi qonaq kimi iştirak etməsi barədə razılıq əldə edilib. Təəssüf ki, indiyədək həll edilməyən bir sıra münaqişələr həm beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi qorxu törədir, həm də inteqrasiya proseslərinin inkişafına mane olur. Biz əminik ki, bütün münaqişələr, o cümlədən Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları və prinsipləri, xüsusən onların arasında başlıca prinsip olan ərazi bütövlüyü prinsipi əsasında yaxın gələcəkdə həll ediləcək".


TürkPA-nın baş katibi Ramil Həsənov də çıxışında qurumun beynəlxalq əməkdaşlığı haqqında ətraflı məlumat verib. O qeyd edib ki, ötən müddət ərzində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin sədrləri, bu ölkələrin xarici işlər nazirləri ilə müxtəlif görüşlər keçirilib. İclas çərçivəsində TÜRK PA-nın 2013-cü il üçün büdcəsi də təsdiq edilib. Sessiyanın sonunda TürkPA-nın 3-cü plenar iclasının yekun sənədi Bişkek Bəyannaməsi qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə