AYB-nin 4 üzvü İraq Ədəbiyyatçılar və Yazarlar Birliyinin mükafatına layiq görüldülər-FOTO

"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycan-İraq mədəni əlaqələri: dünəni, bugünü, gələcəyi" bir həftəlik tədbirlər silsiləsi çərçivəsində respublikamızda səfərdə olan İraq Türkman nümayəndə heyətinin üzvləri Azərbaycan Yazıçılar Birliyində (AYB) ədəbi ictimaiyətin nümayəndələri ilə görüşüblər.


Görüşü açıq elan edən AYB-nin sədri, xalq yazıçısı Anar Azərbaycan ilə İraq türkmanları arasında tarixi əlaqələrin daha möhkəmlənməsində mədəniyyətlərin, ədəbiyyat xadimlərinin böyük xidmətləri olduğunu bildirib. O, İraq Türkman yazarları ilə dəfələrlə görüşdüyünü, onlardan 8 nəfərinin AYB üzvlüyünə qəbul edildiyini vurğulayıb.


Tədbirdə çıxış edən millət vəkili, AYB-nin üzvü Qənirə Paşayeva "Azərbaycan-İraq əlaqələri: dünəni, bugünü, gələcəyi" həftəlik proqram çərçivəsində görülmüş işlər haqqında məlumat verib, AYB-də keçirilən görüşün qonaqlarımızın və respublika ədəbi ictimaiyyəti nümayəndələrinin istəyi üzərinə düzənləndiyini və bu görüşə xüsusi önəm verdiyini vurğulayıb. Qənirə Paşayeva "Nəsimini, Füzulini, digər klassiklərimizi sevən, yaradıcılığının oğuzların ortaq ədəbi abidəsi olduğunu bilən yeni nəsillər, çox təəssüf ki, bir çox hallarda onların harada doğulduğunu, həyat və fəaliyyətlərini dərindən bilmir, yaxud öyrənməyə həvəs göstərmirlər. Biz istəyirik ki, həm bu boğluq aradan qaldırılsın, həm də yeni ədəbi əlaqələr qurulsun, festivallar, simpoziumlar keçirilsin, qarşılıqlı səfərlər gerçəkləşdirilsin, habelə yeni isimlər, yeni əsərlər üzə çıxsın, tanınsın. Yəni yalnız ortaq tariximizdən danışmayaq, ortaq gələcək inşa edək." – deyə qeyd edib.


Sonra qonaqlardan AYB-in fəxri üzvləri - dr. Şəmsəddin Kuzəçi, dr. Mustafa Ziya, Fövzi Əkrəm Tərzioğlu, eləcə də ünlü səhnə ustası, dramaturq İsmət Hürmüzlü və Türkmaneli İşbirliyi və Kültür Vəqfi başqanı Fatih Türkcan, professor Qəzənfər Paşayev, professor Vaqif Arzumanlı, yazıçı-publisist Əkbər Qoşalı və başqaları çıxış ediblər.


Çıxışlarda bünövrəsi təməlli şəkildə 1961-ci ildən qoyulmuş ədəbi əlaqələrin bu gün də davam etdirildiyi bildirilib.


Sonra dr. Şəmsəddin Kuzəçi İraq Ədəbiyyatçılar və Yazarlar Birliyinin, İraq Mədəniyyət Nazirliyinin, Türkməneli İşbirliyi və Kültür Vəqfinin ödüllərini Azərbaycanlı qələm dostlarına təqdim etmişlər. "Azərbaycan – İraq Mədəni əlaqələrinin genişlənməsindəki ilgi və xidmətlərinə görə" AYB sədri Anar, millət vəkili Qənirə Paşayeva, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Ayaz Vəfalı, DGTYB başqanı Əkbər Qoşalı İraq Ədəbiyyatçılar və Yazarlar Birliyinin; professor Qəzənfər Paşayev, professor Vaqif Arzumanlı İraq Mədəniyyət Nazirliyinin, AYB sədri Anar, Zərnişan Azayeva, Gülayə Şınıxlı Türkməneli İşbirliyi və Kültür Vəqfinin ödüllərinə layiq görülüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə