Dünyanın neftdən yazan jurnalistləri Bakıda toplaşacaq

17-19 sentyabrda Beynəlxalq Mətbuat İnstitutu tərəfindən (BMİ) Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə Bakıda "Neft, Qaz və Media" konfransı keçiriləcək. Bu barədə SIA-ya Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin və konfransa hazırlıq üzrə təşkilat komitəsinin rəhbəri Umud Rəhimoğlu məlumat verib. O, bu mötəbər tədbirə dünyanın əksər ölkələrindən 200-ə yaxın jurnalistin qatılacağının gözlənildiyini deyib. Artıq konfransla bağlı ətraflı məlumatların yer aldığı www.ipioilgasmedia2012.com saytı da fəaliyyətə başlayıb.


Onun sözlərinə görə, onların sırasında müxtəlif neft-qaz istehsalçısı olan ölkələrinin dövlət rəsmiləri, dünyanın bu sahədə aparıcı şirkətlərinin, beynəlxalq təşkilatlarının nümayəndələri, çox nüfuzlu media mütəxəssisləri, ekspertləri də olacaq. Bütün bunlarla yanaşı ölkəmizin bu sahədəki aparıcı mütəxəssisləri, ekspertləri və jurnalistləri də konfransın işində iştirak edəcək. Konfransın məqsəd və vəzifələrindən danışan U.Rəhimoğlu bu konfransı keçirməkdə əsas məqsədlərinin azad mediada neft və qazın rolunu müəyyənləşdirmək, neft-qaz sahəsində yazan jurnalistlərlə enerji partnyorları arasında əlaqələrin inkişaf etdirilməsi, enerji istehsalçı olan dövlətlərin birgə səyi ilə mütərəqqi medianın inkişafını asanlaşdırmaqdan ibarət olduğunu vurğulayıb.


U.Rəhimoğlu üç gün davam edəcək tədbirdə müxtəlif mövzularda seminarlar, dəyirmi masalar keçiriləcəyini bildirib: "Neft, Qaz və bu sahədən yazan jurnalistləri bir araya gətirəcək belə bir vacib konfransın Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsindən şərəf duyuruq. Neft və qaz sahəsindən söhbət düşəndə Bakı əsas şəhər kimi yada düşür, çünki Bakı ta qədim zamanlardan neftin ilkin istehsalı sahəsində əsas şəhər rolu oynamışdır. Əlbəttə ki, Bakının və Xəzər dənizinin zəngin neftindən Nobel qardaşlarının yararlanması hamıya məlumdur. Bakıda belə bir konfrans ideyası ötən ilin 3-4 noyabrında BMİ-nin Milli Komitələrinin Azərbaycanda keçirilən toplantısı zamanı qurumun rəhbərliyi ilə müzakirə olunmuşdu. Bundan sonra BMİ rəhbərliyi Bakıda belə bir mötəbər konfransın keçirilməsinə qərar verdi. Konfrans Azərbaycan Dövlət Neft Şirkətinin və digər qurumların dəstəyi ilə keçiriləcək. Artıq konfransın keçirilməsi ilə bağlı BMİ-nin baş ofisinin katibliyinin, Azərbaycan Milli Komitəsi üzvlərinin və müvafiq dövlət strukturlarının nümayəndələrinin qatıldığı təşkilat komitəsi yaradılıb. Konfransla bağlı ayrıca sayt hazırlanıb, onun üzərində son tamamlama işləri aparılır, tədbirin proqramının da ilkin variantı tərtib olunub. Bu mötəbər tədbirdə dünyanın ən nəhəng qəzet və jurnallarının rəhbərləri, nümayəndələri iştirakı razılaşdırılıb. Bunların sırasında "The New York Times", "The Guardian", "Reuters"-ın nümayəndələri də var. Biz bu beynəlxalq konfransa çox ciddi hazırlaşırıq. Düşünürəm ki, bu tədbir Azərbaycan mediası və neft-qaz istehsalçıları üçün çox böyük fayda verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...