Hərbi ekspert: “Bu il cəbhədə itkilərin sayı ötən illə müqayisədə yüksəkdir”
\"Bu il ermənilər tərəfindən atəşkəsin pozulması nəticəsində itkilər başqa illərə nisbətən daha çox oldu\". Bunu SİA-ya açıqlamasında "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin sədri, hərbi ekspert Cəsur Məmmədov deyib. O bildirib ki, atəşkəsin pozulması hazırda da davam edir. Onun sözlərinə görə, aparılan araşdırmalar nəticəsində təkcə bu il ərzində tərəflərdən ümumi itkilərin sayının 30 nəfərdən yuxarı olduğu müəyyənləşib.
"Təkcə Azərbaycan tərəfi 10 nəfərdən yuxarı itki verib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yüksək göstəricidir. Son bir həftə ərzində cəbhə xəttində baş verən proseslər cəbhənin bütün istiqamətlərində, xüsusilə də Qazax və Tovuz istiqamətlərində baş verən proseslər deməyə imkan verir ki, ümumiyyətlə, cəbhə xəttinin bütün nöqtələrində vəziyyət çox gərgindir və müharibə istənilən an başlaya bilər. Bu onu göstərir ki, beynəlxalq təşkilatlar – ATƏT-in Minsk qrupu və Qərb dövlətləri münaqişənin nizamlanması prosesinə əvvəlkindən fərqli olaraq daha ciddi yanaşmalıdırlar. Çünki baş verən proseslər sülhü heç də yaxınlaşdırmır, əksinə, münaqişə müharibəyə doğru gedir. Minsk qrupunun indiyə qədər həyata keçirdiyi proseslər məhz müharibə ehtimalını daha çox yaxınlaşdırır. Son günlər cəbhə xəttində baş verən proseslər göstərir ki, münaqişənin həll olunması vacibdir. Əks təqdirdə bölgədəki vəziyyət nəzarətdən çıxa bilər".
C.Məmmədov qeyd edib ki, ümumilikdə əldə olunan məlumatlara görə təxribat xarakterli hərəkətlər Ermənistan tərəfdən həyata keçirilir və Azərbaycan da hücumların qarşısını almaq məcburiyyətindədir: "Ermənistanın bu tip fəaliyyəti də hakimiyyətdə olan böhranla bağlıdır. Ermənistanda seçkilər yaxınlaşır, siyasi hakimiyyət elitası erməni cəmiyyətində birlik yaratmaq üçün bu kimi texnologiyalardan istifadə edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB