DSMF sədri Əfqanıstan nümayəndə heyəti ilə görüşdü

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Azərbaycanda səfərdə olan Əfqanıstan Respublikasının Azad İnzibati İslahatlar və Dövlət Qulluğu Komissiyasının baş direktoru Sayed Zabiullah Savayzın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Fonddan SİA-ya verilən xəbərə görə, görüşdə DSMF sədri Səlim Müslümov vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün uğurla davam etdirilən sosial-iqtisadi siyasət, strateji proqramların səmərəli gerçəkləşdirilməsi ölkə həyatının bütün sahələrində əsaslı inkişafa gətirib çıxarıb. Ölkədəki geniş spektrli islahatların tərkib hissəsi kimi sığorta-pensiya sisteminin yenidən qurulması və davamlı inkişafına nail olunması üçün indiyə qədər görülən işlər barədə məlumat verən fondun sədri dövlət qulluqçularının pensiya təminatı, fərdi uçot sistemi, sığorta-pensiya sistemində hüquqi və fiziki şəxslərin qeydiyyatı, sosial qanunvericilik və s. məsələlərlə bağlı qonaqları maraqlandıran sualları cavablandırıb.


DSMF sədri bildirib ki, islahatların mühüm həlqələrindən biri kimi 2006-cı ildən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması və Azərbaycan vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ müəyyənləşdirilib. Hazırda Fondun fərdi uşot sistemində 95 ölkədən 12 825 əcnəbi vətəndaş qeydiyyatdadır və onlardan 5-i Əfqanıstan vətəndaşlarıdır. S.Müslümov nəzərə çatdırıb ki, ötən il Dünya Bankının Əfqanıstan üzrə layihəsi çərçivəsində, ölkəmizdə sığorta-pensiya sistemində həyata kecirilən və beynəlxalq etimad qazanan islahatlarla tanış olmaq məqsədi ilə Əfqanıstan Respublikasının nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Bakıda keçrilən görüşlərin nəticəsi olaraq Əfqanıstan Respublikasının Əmək, Sosial İşlər, Şəhidlər və Əlillər Nazirliyi ilə əməkdaşlığın əsası qoyulub və hazırda əməkdaşlığı nəzərdə tutan bir sıra sənədlərin imzalanması üçün danışıqlar aparılır.


Görüşdə Azərbaycanda dövlət qulluqçularının pensiya təminatına da toxunulub və bildirilib ki, dövlət qulluqçularının pensiyasının təyin olunması və artıması fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşına uyğunlaşdırılır.


Əfqanıstan Respublikasının Azad İnzibati İslahatlar və Dövlət Qulluğu Komissiyasının Baş direktoru Sayed Zabiullah Savayz Azərbaycanda sığorta-pensiya sistemində qısa müddət ərzində həyata keçirilən islahatları yüksək qiymətləndirdiyini bildirib. O, Azərbaycanın sığorta-pensiya sistemində aparılan islahatlar və qurulan yeni modelin kecid dövrü ölkələri üçün nümunə olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə