SCİBM layihəsinin ekspertləri Dövlət Miqrasiya Xidmətində olublar

Bu gün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev "Cənubi Qafqaz Ölkələrində İnteqrasiya Edilmiş Sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək" layihəsinin Almaniya, Fransa, Latviya, Sloveniyadan olan, həmçinin Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin ekspertlərindən ibarət nümayəndə heyətini qəbul edib. SİA-nın verdiyi məlumata görə, görüş zamanı Xidmət rəisi Firudin Nəbiyev Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti barədə məlumat verib, hazırda miqrasiya sahəsində qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirildiyini nəzərə çatdırıb.


MSİBM-in sərhəd idarəçiliyi üzrə proqram rəhbəri Borut Erzen bildirib ki, proqramın əsas məqsədi sərhədlərin idarə olunması sahəsində qurumlararası əməkdaşlığı inkişaf etdirmək, qonşu sərhəd ölkələri, habelə Avropa İttifaqı ölkələri və müvafiq beynəlxalq təşkilatlarla ikitərəfli və regional əməkdaşlıq səviyyəsini artırmaq, Azərbaycanın Gürcüstan ilə pilot layihələrini həyata keçirmək, sərhəd təhlükəsizliyini təmin etmək, milli qanunvericiliyi təkmilləşdirmək, sərhədlərin təhlükəsizliyini qorumaqla insan və məhsulların (əmtəələrin) sərhədlərdən keçidini asanlaşdırmaqdır.


Xidmət rəisi F.Nəbiyev dövlətin təhlükəsizliyinin sərhədlərdən başlandığını, son illər Azərbaycanda güclü iqtisadi inkişaf nəticəsində ölkəyə əcnəbi axınının artmasının müşahidə olunduğunu bildirib. Bu səbəbdən də sərhəd idarəçiliyi sisteminin təkmilləşdirilməsi, operativ sərhəd idarəçiliyinin yaradılmasının vacibliyini vurğulayan F.Nəbiyev Xidmət əməkdaşlarının bu layihə çərçivəsində keçirilən təlimlərdə yaxından iştirak etməklə beynəlxalq təcrübəyə yiyələnmələrini müsbət dəyərləndirib.


Borut Erzen layihənin gerçəkləşdirildiyi son 3 il ərzində Azərbaycanda müsbət dəyişikliklərin olduğunu, sərhəd-keçid məntəqələrində operativliyin təmin edildiyini qeyd edib.


Sonda ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunmuş, ekspertləri maraqlandıran suallar cavablandırılıb.


Görüşdə "Cənubi Qafqaz Ölkələrində İnteqrasiya Edilmiş Sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək" layihəsinin Azərbaycan üzrə koordinatoru Məzahir Əfəndiyev də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə