“Erkən nikahlar və onların fəsadları” adlı seminara yekun vurulub

Bu gün "Gənclər və İdman Nazirliyi tərəfindən "Hüquqlarını tanı" devizi altında Erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işinin aparılmasına aid "Erkən nikahlar və onların fəsadları" mövzusunda 3 günlük seminara yekun vurulub. SİA-nın məlumatına görə, tədbirdə erkən nikahın qarşısının alınmasında valideyn məsuliyyəti ,bu sahədə maarifləndirmə işinin aparılması və gənclərin bu prosesə cəlb olunması məsələləri müzakirə olunaraq gündəmə gətirilib.

Yekun tədbirində sosiologiya elmləri üzrə fəlsəfə doktoru, "Aktual" Elmi-Sosioloji Araşdırmalar Mərkəzinin rəhbəri Əbülfəz Süleymanlı bildirib ki, erkən nikahlar tək qızların və onları yetişdirən ailələrin deyil, həmçinin cəmiyyətin problemidir.Valideyn-müəllim Assosiasiyası (VMA) erkən nikahlar ilə mübarizədə oğlan və qızlar üçün təhsilin nə dərəcədə vacib olmasını təbliğ etmə işində daha fəal rol oynamalıdırlar. VMA-lar elə ailələri seçməlidir ki, o ailələrdə qızın erkən ailə qurması problemi tam şəkildə həll olunsun. Həmçinin seçilmiş bu ailələr erkən nikahı maddi imkansızlıq üzündən edirsə, həmin ailələr sosial yardımla da təmin olunmalıdır.

"Üfüq" Gənclər İctimai Birliyinin sədri Nahid Quliyev isə bildirib ki, qadını nikaha daxil olmağa məcbur edənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır: "Rayon və ümumrespublika səviyyəsində müvafiq icra qurumları və icra hakimiyyətinin nümayəndələri , orta məktəbdə oxuyan qıza və onun valideyninə məktəbi bitirdikdən sonra müvafiq peşə ilə məşğul olacağını bildirməlidir. Buna əsasən qeyd etməliyəm ki, rayon məktəblərində qızların erkən yaşda ailə qurmalarına birinci səbəb peşələrinin olmamağıdır".

Qeyd edək ki, seminarın sonunda iştirakçılar tələb və təkliflərinin səsləndirərək yeni fikirlər irəli sürüblər. Onlar fəaliyyət göstərdikləri rayonlarda yeniyetmə qızların erkən nikaha vaxtından əvvəl cəlb olunmasının qarşısının almaq məqsədi ilə maarifləndirmə işləri aparacaqlarını deyiblər. Sonda 3 günlük təlim iştirakçılarına seminarı müvəffəqiyyətlə başa vurduqlarına görə Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanmış sertifikatlar təqdim olunub.

Mənzər Ərçəqızı


Bütün xəbərlər Facebook səhifəmizdə