Bu gün parlamentdə Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə görüşüblər. SİA-nın Milli Məclisin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, parlamentin komitə sədri Əli Hüseynli qonaqları salamlayaraq ölkənin AŞPA ilə səmərəli əməkdaşlıq etdiyini və gələcəkdə bu əlaqələri daha da möhkəmləndirmək niyyətində olduğunu qeyd edib. Qonaqların diqqətinə çatdırılıb ki, məqsədyönlü siyasət nəticəsində ölkədə insan hüquq və azadlıqlarının qorunması, demokratiyanın inkişafı istiqamətində əməli addımlar atılır. Bu sahədə həyata keçirilən islahatların hüquqi bazasını təşkil edən qanunvericilik aktları qəbul edilir. Təqdirəlayiq haldır ki, Azərbaycanın məhkəmə sistemi sahəsində apardığı islahatlar AŞPA tərəfindən digər ölkələrə nümunə kimi göstərilir.
Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycanda aparılan islahatlar və insan haqlarının qorunması sahəsində görülən işlər barədə fikirlərini açıqlayıblar. Onlar təmsil etdikləri qurumun ölkədə gedən demokratik proseslərə dəstək vermək niyyətində olduğunu söyləyiblər. Sonra görüşdə Azərbaycanın AŞPA qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsi, ikitərəfli əlaqələrin inkişafı, Avropaya inteqrasiya və digər qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev və digər rəsmi şəxslər iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB