Beynəlxalq “Nəqliyyat, Tranzit və Logistika” sərgisi başladı

Beynəlxalq “Nəqliyyat, Tranzit və Logistika” sərgisi başladı

Bu gün "Bakı Ekspo" mərkəzində 11-ci Azərbaycan Beynəlxalq "Nəqliyyat, Tranzit və Logistika" TransCaspian 2012 və 2-ci Azərbaycan Beynəlxalq "Yol infrastrukturu və ictimai nəqliyyat" sərgisi öz işinə başlayıb. SİA-nın xəbərinə görə, ümumilikdə dünyanın 15 ölkəsindən 70 şirkətin iştirak etdiyi sərgini giriş nitqi ilə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov açaraq bildirib ki, "TransCaspian" sərgisi Qafqazda ən əhəmiyyətli nəqliyyat forumu kimi fəaliyyət göstərir və regionda nəqliyyat sənayesi mütəxəssislərinin məhsuldar əməkdaşlığına kömək edir: \"Sərgi Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir və TRASECA layihəsi ilə sıx əməkdaşlıq edir. Onların müasir texnologiyaları bizim gördüyümüz işlərə cəlb olunub. Bütün bunlarda məhz cənab prezident İlham Əliyevin apardığı siyasətin məntiqi nəticəsidir\".

Qeyd olunub ki, "TransCaspian" sərgisi Qafqazda ən əhəmiyyətli nəqliyyat forumudur və Azərbaycanın nəqliyyat-tranzit potensialından səmərəli istifadə olunmasına öz töhfəsini verməklə, regionda nəqliyyat mütəxəssisləri arasında məhsuldar əməkdaşlıq əlaqələrinin qurulmasına kömək edir. Bildirilib ki, bu il sərgidə Polşa, Çexiya, Xorvatiya, Almaniya, Fransa, İtaliya, Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə, Çin, Latviya, BƏƏ, Ukrayna və Qazaxıstandan olan iştirakçıları və s. iştirak edir.


Qeyd edək ki, sərgidə dəmiryol nəqliyyatı, avtomobil yolu ilə daşımalar, habelə dəniz daşımaları, limanlar və neftin nəqli kimi sektorlar geniş şəkildə təqdim olunub. Azərbaycanın əsas Dövlət nəqliyyat strukturları – Nəqliyyat Nazirliyi, Azərbaycan Dəmir Yolları, Dövlət Dəniz Administrasiyası, Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Dövlət Avtomobil Nəqliyyatı Xidməti öz stendlərində aktual layihələri təqdim ediblər. Sərgidə həmçinin Qara dəniz, Xəzər və Baltik dənizlərinin limanları da iştirak edir. Onların sırasında Poti Limanı, Batumi Limanı, Liepayski Limanı, Ventspilsski Azad Limanı və Bakı Ticarət Limanını qeyd etmək olar.


"Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə keçirilən sərgi iyunun 15-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə