Sumqayıtlı tələbələr Milli Qurtuluş Gününü qeyd edib

Sumqayıt Dövlət Universitetinin tələbləri Milli Qurtuluş günü qeyd ediblər. SİA-nın məlumatına görə, tədbiri giriş nitqi ilə açıq elan edən Sumqayıt Dövlət universitetinin (SDU) rektoru, professor Nadir Qəhrəmanov əvvəlcə ulu öndər Heydər Əliyevin 34 illik rəhbərliyi dövründə Azərbaycanın əsaslı inkişaf yoluna çıxdığını, müstəqil dövlətimizin qazandığı nailiyyətlərin məhz dahi liderin strategiyasının nəticəsi olduğunu vurğulayıb.

Rektor qeyd edib ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyev ən çətin və keşməkeşli anlarda həmişə öz xalqına dayaq olub. O, XX əsrin sonunda da müstəqilliyini bərpa edən Azərbaycanın banisi və xilaskarı olub. Onun gərgin və yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyada özünəməxsus yeri olan dövlətlərdən birinə çevrilib: "Biz bu gün böyük fəxrlə söyləyə bilərik ki, Heydər Əliyev ideyalarını ölkə prezidenti cənab İlham Əliyev strateji xətlə inkişaf etdirir".


Universitet rəhbəri həmçinin Azərbaycanın beynəlxalq əlaqələrindən söhbət açaraq diqqətə çatdırdı ki, Azərbaycan bütün ölkələrlə sıx əlaqələr qurub, dostluq, mehribanlıq münasibətlər yaradıb. Keçən ilin oktyabr ayının 24-də Azərbaycan ilk dəfə olaraq Birləşmiş Millətlər Təşkilatının strateji qurumu olan Təhlükəsizlik Şurasına dünyanın 155 dövlətinin dəstəyi ilə qeyri-daimi üzvü seçilməsi müstəqilliyimizin 20 ili ərzində qazandığımız olduqca böyük tarixi nailiyyətdir. May ayının 4-də BMT-nin Təhlükəsizlik Şurasının "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusuna həsr edilmiş iclasa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrlik etməsi isə bizim üçün qürurvericidir. Professor Nadir Qəhrəmanov may ayında baş tutan "Avrovizyon" mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil olunması və bu tədbirin ölkəmizi və xalqımızı, onun dəyərlərini dünyaya çatdırmaq baxımından əhəmiyyətindən bəhs edib: "Təbii ki, Azərbaycanın bu uğuruna kölgə salanlar da az olmayıb. Son dövrlər İran-İslam Respublikasının Azərbaycana qarşı yürütdüyü siyasət pislənərək öz layiqli cavabını alıb".


Bununla belə tədbirdə Ulu öndər Heydər Əliyevin bütün sahələrə xüsusilə elm və təhsilə göstərdiyi qayğıdan söhbət açılıb. Bildirilib ki, millətin işıqlı gələcəyinin elmdən, təhsildən başladığını vurğulayan ümummilli lider Heydər Əliyev hər zaman bu sahəyə xüsusi diqqətlə yanaşıb.


Daha sonra tədbirdə Tarix fakültəsinin dekanı, professor Adil Baxşəliyev, Ümumi tarix kafedrasının müdiri, professor Şirxan Səlimov, filologiya fakültəsinin I kurs tələbəsi İsaməddin Qəmbərov, həmin fakültənin I kurs tələbəsi Aidə Babayeva və digər natiqlər çıxış edərək müstəqil Azərbaycanın yaradıcısı və qurucusu Heydər Əliyevin bütün sahələrindəki fəailiyyətindən danışıblar.


Sonda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə universitet kollektivi adından müraciət qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə