“İnkluziv təhsil və Azərbaycanda əlillik milli ictimai maarifləndirmə” layihəsi yekunlaşdı

Bu gün Müasir İncəsənət Mərkəzində "İRƏLİ" İctimai Birliyi və "Dünyaya Baxış" Beynəlxaq Humanitar təşkilatı tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb olunmasının əhəmiyyətini əks etdirən "İnkluziv təhsil və Azərbaycanda əlillik milli ictimai maarifləndirmə" layihəsinin bağlanış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, mərasimdə "İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev, "Dünyaya Baxış" Beynəlxaq Humanitar təşkilatının Proqram rəhbəri Fəridə Əmirova və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.


İlk olaraq Rauf Mərdiyev layihənin önəmliliyini vurğulayaraq qeyd edib ki, "İRƏLİ" bu səpkidə bir sıra layihələr keçirib: "Xüsusi qayğıya ehtiyacı olan uşaqları diqqətdən kənarda saxlamamalı, daim onlara qayğı ilə yanaşmalı və onlara bizlərdən biri olduğunu göstərməliyik.

Fəridə Əmirova inkluziv təhsilin Azərbaycanda tətbiq olunmasının önəmliliyindən danışıb, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bu prqoramın təhsilə çıxışın ən optimal yolu olduğunu bildirib. Daha sonra "İRƏLİ" İctimai Birliyinə təşəkkürünü bildirərək, gələcəkdə birgə əməkdaşlığın davamlı olacağını qeyd edib.


Mərasimdə xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işlərinin sərgisi təşkil olunub. Sərgidə

Bakı və Sumqayıtdan 20 nəfər uşağın 60-dan çox əl işi sərgilənib. Mərasimdə ən yaxşı əl işi sahiblərinə sertifikat və hədiyyələr təqdim olunub. Sərginin keçirilməsində məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların bacarıqlarını və qabiliyyətlərini nümayiş etdirmək, həmçinin bu uşaqlar üçün təhsilin necə əhəmiyyətli olmasını vurğulamaqdır.


Qeyd edək ki, layihə çərçivəsində şəhərin bir sıra kütləvi yerlərində inkluziv təhsilin önəmini əks etdirən posterlər asılmış, bukletlər paylanılıb, bilbordlarda quraşdırılıb. Eyni zamanda 1 İyun 2012-ci il tarixində 100 nəfər İRƏLİ fəalının iştirakı ilə İçərişəhər Qız Qalasının yanında "Təhsil – Təhsil hər bir uşaq üçündür" devizi altında fləşmob keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə