“İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik edildi

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında "İnformasiya əldə etmək haqqında" qanuna dəyişikliklər müzakirə olunub. SİA-nın xəbərinə görə, qanuna təklif olunan dəyişikliklərdə informasiyanın əldə olunmasına o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlarının, maliyyə-kredit və valyuta siyasəti sahələrində mənafelərinin qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın.


Lakin bu qanun layihəsinə edilən dəyişikliklər millət vəkilləri tərəfindən birmənalı qarşılnmadı. Belə ki, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, kommersiya sirləri ilə bağlı dəyişiklik layihəsi jurnalistlərin araşdırma aparıb yazı yazmaq imkanları məhdudlaşdırılır. Millət vəkili təklif edilən dəyişikliyin əleyhinə olduğunu vurğulayıb. Onun fikrincə, belə bir dəyişikliklə qarayaxma üçün həmin bədxahlara daha çox şərait yaradır.


Spiker Oqtay Əsədov isə millət vəkilinin dedikləri ilə razılaşmayıb: "Kim deyib ki, bu qanun layihəsi jurnalistlərə qarşıdır? Bu, harada yazılıb?".


DİP sədri Asim Mollazadə də təklif olunan dəyişikliyin əleyhinə olduğunu, mövcud şəffaflığı pozmağa şərait yaradacağını deyib.


BQP sədri Fazil Mustafa da təklif edilən dəyişikliyin şəffaflığa qarşı olduğunu söyləyib.


MM sədrinin müavini Valeh Ələsgərov isə iradlarla razılaşmayıb. Onun sözlərinə görə, əslində, bu dəyişiklik indiyədək mövcud olan qeyri-müəyyənliyi aradan götürür.


Millət vəkili Mübariz Qurbanlı isə təklif edilən dəyişikliyin lehinə olduğunu söyləyib. O deyib ki, əslində təklif edilən dəyişikliklər sahibkarları mediada şantaj olunmaqdan qoruyacaq.


İclas çərçivəsində \"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında\" qanuna dəyişikliklər məsələsi müzakirə olunub. Dəyişikliyə əsasən, kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar konfidensial saxlanılacaq. Layihə ilə kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar bəzi hallarda sorğu əsasında açıqlana bilər. Belə ki, həmin məlumatlar qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə, istintaq və təhqiqat orqanlarına, qanunun müəyyən etdiyi hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə, \"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında\" qanunla müəyyən olunmuş hallarda və qaydada maliyyə monitorinqi orqanlarına verilə bilər. Həmçinin, məcburi icra orqanlarına, vəkilə, həmin kommersiya hüquqi şəxsin digər təsisçilərinə və iştirakçılarına, barəsində dövlət reyestrindən məlumatların verilməsi tələb olunan şəxsin razılığı ilə üçüncü şəxslərə də bu məlumatların açıqlanmasına icazə veriləcək.


Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla, hər bir şəxs dövlət reyestrindəki yazılarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir.


Paralel olaraq Vergi Məcəlləsi və \"Kommersiya sirri haqqında\" qanun layihəsi də müzakirə edilib. Həmin layihələrdə də müvafiq dəyişikliklər nəzərdə tutulub.


Aparılan müzakirələrdən sonra hər bir layihə səsverməyə çıxarılaraq qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə