Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada Komissiyanın sədri Bəhram Xəlilov Əfqanıstan İslam Respublikasının İnzibati İslahatlar Katibliyinin baş direktoru Sayed Zabiullah Savayzini və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın xəbərinə görə, nümayəndə heyətinin tərkibində Əfqanıstan İslam Respublikasının Dövlət İdarəçiliyi İslahatlarının direktoru Əhməd Məsud Toxi, Əyalət üzrə əlaqələndirici Favad Karmand, Əməliyyatlar üzrə direktor Ansarullah Foşanji, Media Əlaqələri və Kommunikasiya üzrə direktor Əzizullah Ariafar, Yerli təlimlər üzrə direktor Qulam Faroq Qani, aparat rəhbəri Mamun Rəşid və məsləhətçi Xeyrulla Tac yer alıblar.
Komissiyanın sədri Azərbaycan Respublikasında dövlət qulluğu ilə bağlı həyata keçirilən islahatlar, qarşıda duran məqsəd və vəzifələr barədə qonaqlara geniş məlumat verib. Səfərin əsas məqsədinin iki ölkə arasında dövlət qulluğu sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirməkdən, Azərbaycanın dövlət qulluğu və kadrların idarəedilməsi sistemi ilə yaxından tanış olmaqdan və Azərbaycan təcrübəsini öyrənməkdən ibarət olduğunu qeyd edən Savayzi
qarşılıqlı səfərlərin iki qurum arasında inkişaf etməkdə olan əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcəyinə əmin olduğunu vurğulayıb.
Görüşdən sonra qonaqlar Komissiyanın dövlət qulluğuna qəbulla bağlı test imtahanlarının keçirildiyi "Test mərkəzi" ilə də tanış olub, "Dövlət Qulluğuna Qəbul – Test İmtahanı Sistemi"nin (DQQTİS) "Test imtahanı kliyenti" altsisteminin işini yüksək qiymətləndirib və bu sahədə Komissiyanın təcrübəsindən yararlanacaqlarını qeyd ediblər. Günortadan sonra Komissiyanın əməkdaşları tərəfindən Əfqanıstandan olan nümayəndə heyəti üçün "Xidməti fəaliyyətin qiymətləndirilməsi sistemi", "Dövlət qulluğu sisteminin hüquqi tənzimlənməsi", "Dövlət qulluqçularının etik davranış qaydaları" mövzularında təqdimatlar ediləcək.
Qeyd edək ki, Əfqanıstan dövlət qulluqçularının səfəri barədə razılıq 2011-ci ilin dekabr ayında Əfqanıstan İslam Respublikasının Müstəqil İnzibati İslahatlar və Dövlət Qulluğu üzrə Komissiya sədrinin müavini Rohulla Osmaninin Azərbaycana səfəri zamanı Dövlət Qulluğu Məsələləri üzrə Komisssiya sədri Bəhram Xəlilovla keçirdiyi görüşdə əldə edilib. Səfər BMT-nin İnkişaf Proqramının Əfqanıstan üzrə nümayəndəliyinin Əfqanıstan hökuməti ilə birgə həyata keçirdiyi "Milli İnstitusional Quruculuq" layihəsi çərçivəsində təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB