Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin "2011-2012-ci illərdə görülən işlər və qarşıda duran vəzifələr" dən bəhs edən hesabat- seçki konfransı keçirilib. Qurumdan SİA-ya verilən məlumata görə, konfransda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidentləri Qafar Əsgərzadə, Əziz Qocayev və Ramazan Sultanov, icraçı katibin müavini Xalidə İsgəndərova, Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul işçisi Əbülfəz Əbiyev, şəhərin təhsil ocaqlarının, səhiyyə müəssisələrinin, müxtəlif idarə və təşkilatların ilk təşkilatının sədrləri, müəsissə rəhbərləri və nümayəndələri iştirak ediblər. 102 təşkilatdan 165 nəfər qatıldığı konfransda Sumqayıt şəhər bölməsinin 2010-2012-ci illər üçün fəaliyyəti haqqında hesabatı, 2010-2012-ci illər üçün maliyyə komissiyasının hesabatı, Sumqayıt şəhər bölməsinin sədrinin seçilməsi, Sumqayıt şəhər bölməsinin idarəetmə şurasının 15 nəfərdən ibarət yeni tərkibinin seçilməsi, Sumqayıt şəhər bölməsinin Rəyasət Heyətinin 5 nəfərdən ibarət yeni tərkibinin seçilməsi, Sumqayıt şəhər bölməsinin maliyyə komissiyasının 3 nəfərdən ibarət yeni tərkibinin seçilməsi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXIV Baş Məclisinə nümayəndələrin seçilməsi kimi məsələlər müzakirə olunub. Tədbiri giriş nitqi ilə QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova açaraq iki il ərzində görülən işlərin hesabatını fəaliyyətə həsr olunmuş şəkillərdən ibarət təqdimat əsasında qonaqlara təqdim edib. Sonra maliyyə komissiyasının hesabatı dinlənilib. Bölmə ilə sıx əməkdaşlıq edən "Azərikimya" İB-nin sosial inkişaf şöbəsinin baş mühəndisi Bəxtiyar Musayev, Sumqayıt şəhər səhiyyə şöbəsinin müdir müavini Səkinə Sadıxova da birgə fəaliyyət nəticəsində həyata keçirilən tədbirlərdən danışıblar. Bölmənin iki il ərzində kifayət qədər işlər gördüyünü deyən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə isə konfransın daha yenilikçi üsulla təşkilini yükaək qiymətləndirib. Çıxışlardan sonra növbəti iki il ərzində bölmənin sədri, idarəetmə şurasının, Rəyasət heyətinin, baş məclisin, maliyyə komissiyasının yeni tərkibləri səsvermə yolu müəyyən edilib. Qızıl ayparaçıların yüksək etimadını qazanan M. Məhərrəmova növbəti 2 il müddətinə bölməyə sədr seçilib. Sonda Azərbaycan Qızıl Aypara Cəmiyyəti Rəyasət heyətinin qərarı ilə Sumqayıt şəhər bölməsi ilə daha sıx əməkdaşlıq edən beş müəssisəyə – "Azərikimya" İB –yə, Səhiyyə şöbəsinə, "Qartal" tikinti firması, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinə , Mədəniyyət və turizm şöbəsi fəxri fərmanlarla təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə