\"İnternet İdarəçilik Forumu\"nun keçirilmə tarixi bəlli olub

Azərbaycanda keçirilməsi nəzərdə tutulan \"İnternet İdarəçilik Forumu\"nun (İnternet Governance Forum - İGF) tarixi bəlli olub. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmisi Nəriman Hacıyev SİA-ya açıqlamasında deyib ki, tədbir "Davamlı İnsan, İqtisadi və Sosial İnkişaf üçün İnternet İdarəçiliyi" devizi altında cari ilin 6-9 noyabr tarixlərində keçiriləcək. O, qeyd edib ki, forumun Azərbaycanda keçirilməsi ölkə prezidenti İlham Əliyevin İKT sahəsində verdiyi önəm, Azərbaycanda İKT sahəsində görülən işlər və cari layihələr barədə və o cümlədən ölkəmiz haqqında əsl həqiqətləri dünya ictimaiyyətinə bir daha çatdırmağa imkan verəcək: "Tədbirin təşkili üçün təşkilat komitəsi yaradılıb. Bunun əsas məqsədi 2012-ci ildə Bakıda İGF-nin uğurla keçirilməsi üçün güclü yerli potensialın yaradılmasıdır. Belə yüksək səviyyəli tədbirin müvəffəqiyyətlə təşkil edilməsi üçün müvafiq işçi qrupu və zəruri koordinasiya mexanizmlərinə malik İGF Katibliyininin yaxın zamanlarda formalaşdırılması nəzərdə tutulur".

Nazirliyin rəsmisi deyib ki, tədbirə dünya ölkələrindən hökumət, özəl, ictimai və beynəlxalq təşkilatlardan 2500-dən çox iştirakçı cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...