Qarabağ Döyüşçülərinin Forumu keçirilib

Qarabağ Döyüşçülərinin Forumu keçirilib

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azad Qarabağ Uğrunda Alyansın təşəbbüsü ilə Qarabağ Döyüşçülərinin Forumu keçirilib. SİA-nın məlumatına görə, tədbir 1992-ci il 12 iyun tarixində həyata keçirilən Ağdərə əməliyyatının 20-ci ildönümünə həsr olunub. Forumda Birinci Qarabağ müharibəsinin iştirakçıları, ekspertlər, Azad Qarabağ Uğrunda Alyansa daxil olan təşkilatların rəhbərləri iştirak ediblər.

İlk öncə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, daha sonra Vətən Müharibəsi Əlilləri Cəmiyyətinin sədri, Qarabağ döyüşçüsü Firudin Məmmədov çıxış edərək Azərbaycan ordusunun Ağdərə əməliyyatında gedən döyüşlərdəki uğurundan danışıb. "Baxmayaraq ki, Birinci Qarabağ müharibəsində Azərbaycan 20% torpaqlarını itirib, amma bu müharibədə uğurlu əməliyyatları və döyüşləri də olub. Ağdərə əməliyyatı da bu uğurların başlanğıc nöqtəsidir. Rusiya və Ermənistan ordularının birləşmiş qüvvələrinin Azərbaycana hücum etməsinə cavab olaraq Azərbaycan ordusu şəhid verərək qəhrəmanlıq göstərib və Ağdərə əməliyyatında qalib gəlib", –deyə o qeyd edib.

Qarabağ Azadlıq Hərəkatının sədri Akif Nağı da 1992-ci il iyun döyüşlərindəki qələbədən danışaraq Azərbacan ordusunun Ağdərə əməliyyatında iştirak edən vətənpərvər döyüşçülərinin ruh yüksəkliyini qeyd edib. "Ağır döyüşlər zamanı Azərbaycan xalqının və əsgərlərinin ölməz ruh yüksəkliyi Ağdərə əməliyyatında qalib gəlməyə bizə şərait yaratdı. Biz işğal faktı ilə heç bir zaman razılaşmayacağıq. Bu gün də Azərbaycan ordusunun hərbi imkanları 20% işğal olunan torpaqlarını geri qaytarmağa qadirdir", –deyə o bildirib.

Daha sonra tədbir iştirakçıların müzakirəsi əsasında davam edib.


Nərmin

Bütün xəbərlər Facebook səhifəmizdə