Neft və qazla bağlı beynəlxalq konfrans başladı

Neft və qazla bağlı beynəlxalq konfrans başladı

Bu gün Bakıda "Böyük dərinliklərin karbohidrogen potensialı: gələcəyin enerji resursları – reallıq və proqnoz" adlı I Beynəlxalq Konfrans öz işinə başlayıb. SİA-nın xəbərinə görə, konfransın təşkilatçıları Geologiya İnstitutu, Azərbaycan Dövlət Neft Akademiyası, Rusiya Elmlər Akademiyası Neft və Qaz Problemləri İnstitutu və İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetidir. Dünyada bu mövzuda ilk dəfə təşkil olunan tədbirdə 9 ölkə, o cümlədən ABŞ, İngiltərə, Rusiya, Fransa, Almaniya və digərlərinin iştirakı gözlənilir.


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və "bp" tərəfində maliyyələşdirilən konfransın məqsədi dünyadakı hövzələrin, o cümlədən Cənubi Xəzərin daha dərin qatlarında neft yataqlarının axtarışı sahəsində imkanları müzakirə etmək və elmi təcrübəni bölüşməkdir. Tədbirin ilk 2 günü məruzə və müzakirələrdən ibarət olub.

Geologiya İnstitutunun direktoru Akif Əlizadə deyib ki, dünyada ilk dəfə olaraq neft quyusu Azərbaycanda qazılıb. Onun sözlərinə görə, Azərbaycanəın neft müəssiələrində zəngin axtarış işləri aparılır. Azərbaycan zəngin neft yataqları ilə təmin olunur. Yeni aşkar olunan yataqlar da istifadəyə verilsə, Azərbaycan hələ ki 20-30 il özünü neftlə təmin edə bilər.

Tədbirin davamında çıxış edən ARDNŞ-in vitse-prezidenti Xoşbəxt Yusifzadə məruzə ilə çıxış edərək neft və qaz istehsalının bugünki vəziyyəti barədə ətraflı məlumat verib.

Qeyd edək ki, ayın 14-dək davam edəcək konfrans çərçivəsində müxtəlif mövzularda müzakirələr aparılacaq və Qirməki vadisinə və palçıq vulkanlarına ekspedisiya təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə