Azərbaycan Gənclər Fondunun regionlarda da təqdimatı olacaq

Azərbaycan Gənclər Fondu ötən günlərdə böyük təqdimat mərasimi keçirib. 11-16 iyun tarixlərində isə fond təqdimatlara ölkənin bölgələrində davam edəcək. Fonddan SİA-ya verilən xəbərə görə, zonal mərkəzlər olaraq təyin olunmuş Quba, Qəbələ, Göyçay, Sumqayıt, Səlyan, Sabirabad, Gəncə və Bərdə kimi şəhərlərdə Gənclər Fondu aktiv gəncləri bir araya toplayaraq Fond haqqında təqdimat edəcək və gənclərə layihələrinin necə maliyyələşdirə biləcəkləri haqda ətraflı məlumat verəcək.

Fondun əməkdaşları iki qrupa bölünərək müxtəlif istiqamətlərdə yola düşəcəklər. Təqdimatları Azərbaycan Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov və digər əməkdaşlar aparacaqlar. Keçiriləcək təqdimat mərasimlərinə bölgələrin aktiv gəncləri və gənclər təşkilatları toplanacaqlar. O cümlədən, müvafiq şəhərlərin və rayonların Gənclər və İdman İdarələrinin rəisləri, İcra Hakimiyyəti nümayəndələri təqdimatlarda iştirak edəcəklər.


Təqdimatlara ilk olaraq bugün Sabirabad şəhərində start veriləcək. Zonal mərkəz olaraq təyin olunmuş Sabirabad şəhərində Sabirabad, Hacıqabul, Saatlı, İmişli, Beyləqan və Şirvan kimi şəhərlərdən gənclər qoşulacaqlar. Tədbir Sabirabad şəhəri Mədəniyyət Evində keçiriləcək.

Növbəti təqdimat Quba şəhəri Olimpiya kompleksində baş tutacaq. Qubada keçiriləcək

tədbirdə Quba, Qusar, Xaçmaz, Xızı, Siyəzən, Şabran, Laçın kimi şəhərlərdən gəlmiş gənclər iştirak edəcəklər. Bugün ərzində sonuncu təqdimat Salyan şəhəri Gənclər Mərkəzində

keçiriləcək. Buraya isə müvafiq olaraq Salyan, Biləsuvar, Neftçala, Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabaddan gənclər gələcəklər. Ümumilikdə, hər təqdimatda 150-yə yaxın gəncin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli, 542 saylı Fərmanı ilə yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə