Deputat 10 seçicisini işlə təmin etdi

Bu gün millət vəkili Aydın Mirzəzadə Mingəçevirdə seçiciləri ilə görüşüb. 47 saylı Dairə Seçki Komissiyasından (DSK) Milli Məclisə (MM) üzv seçilən Aydın Mirzəzadə 50-dək seçicisi ilə görüşərək onların problemləri ilə maraqlanıb. Bu barədə SİA-ya millət vəkilinin özü məlumat verib.

O bildirib ki, qəbul zamanı insanların qaldırdıqları msəələlər yerindəcə ya həll olunub, ya da qeydiyyata götürülənlər üzərində Bakıda iş davam etdiriləcək. Eyni zamanda, bir neçə vətəndaş qanunvericilik təşəbbüsü ilə bağlı maraqlı fikirlər irəli sürüb.

"Görüşdə qaldırılan məsələlər əsasən işlə təminat, sosial məsələlər, evlə təminat, şəxsi problemlər və digər məsələrlə bağlı idi. Qəbul zamanı 10 nəfərədək insan öz qabiliyyətinə və ixtisasına əsasən işlə təmin olundu. Eyni zamanda, bir müddət əvvəl Beyləqanın cəbhə xəttindəki hərbi hissədə olarkən Mingəçevirdən olan bir əsgər öz ailələrinin problemi ilə əlaqədar müraciət edib. Həmin ailəni də bu görüşə dəvət etdik, problemlərini öyrəndikdən sonra atası işlə təmin olundu, anası isə müalicə üçün Bakıya göndərildi. Tək-tək qəbuldan əlavə, vətəndaşlarla ümumi görüş də baş tutdu. Vətəndaşların Mingəçevirlə bağlı qaldırdıqları maraqlı məqamlar sonrada rayon icra hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşdə də qaldırıldı. Son dövrlər Mingəçevirdə abadlıq, mənzil tikintisi, iş yerlərinin yaradılması ilə bağlı çox ciddi işlər görülür. Bu istiqamətdə birgə işlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparılıb", - deyə A.Mirzəzadə əlavə edib.

Qeyd edək ki, millət vəkili Aydın Mirzəzadə mütəmadi olaraq Mingəçevirdə seçicilərini qəbul edərək onların problemləri ilə maraqlanır. Millət vəkili bundan sonra da seçicilərlə görüşərək onların problemləri ilə yaxından tanış olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə