Elşad İsgəndərov: \"Ermənistanın təcavüzü dinlərarası və millətlərarası sülhə ən böyük təhlükədir\"

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Roma Papası II İohann Pavelin Azərbaycana gəlişinin 10 illiyi münasibətilə Bakıda səfərdə olan Kardinal Fernando Filoninin rəhbərlik etdiyi Vatikanın nümayəndə heyəti ilə görüşüb. Komitədən SİA-ya verilən xəbərə görə, qonaqları səmimiyyətlə salamlayan Dövlət Komitəsinin sədri Kardinal Fernando Filoni kimi nüfuzlu din xadimini Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib.

Azərbaycanın tarixən müxtəlif dinlərin, xalqların nümayəndələrinin mehriban qonşuluq şəraitində yaşadığı ölkə olduğunu deyən komitə sədri dövlətin bütün dinlərin daşıyıcılarına tolerantlıq mühitində yaşamaları üçün hər cür şərait yaratdığını diqqətə çatdırıb. Qeyd edib ki, Qarabağ uğrunda müharibədə dinindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşları doğma Vətənin bütövlüyü, bölünməzliyi naminə çiyin-çiyinə, ləyaqətlə döyüşüblər. Dövlətin din siyasəti haqqında ətraflı məlumat verən Elşad İskəndərov Katolisizmin ardıcıllarının Azərbaycana hələ XIII əsrdən başlayaraq gəldiklərini xatırladaraq Azərbaycanın dövlət müstəqilliyini bərpasından, xüsusilə Roma Papası II İohann Pavelin səfər etməsindən və ümummilli lider Heydər Əliyev tərəfindən qəbul olunmasından sonra iki ölkə arasında münasibətlərdə yeni mərhələyə qədəm qoyulduğunu vurğulayıb. Qeyd edib ki, prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir ki, ötən əsrin əvvəllərində uçurulmuş Katolik kilsənin yerinə yenisi inşa edilib. Komitə sədri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda Azərbaycan mədəniyyət nümunələrinin sərgisinin təşkil olunmasının, Vatikan muzeyindəki kitabların bərpasının həm dini, həm də mədəni sahələrdə qarşılıqlı əlaqələrimizin möhkəmlənməsinin bariz nümunələri olduğunu deyib. Bu, özünü Azərbaycandakı katolik icmasının fəaliyyətində də özünü göstərir.

Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasətindən danışan Dövlət Komitəsinin sədri deyib ki, bu təcavüz dinlərarası və millətlərarası sülhə ən böyük təhlükələrdəndir. Bu gün yürütdüyü siyasətə görə özünütəcrid vəziyyətinə düşən Ermənistan Azərbaycanın qazandığı uğurlara qısqanclıqla yanaşır. Azərbaycanın "Eurovision-2012" kimi mötəbər musiqi yarışmasına ev sahibliyi etməsindən bir qədər sonra ermənilərin cəbhə xəttində aktivləşməsi, atəşkəsi pozaraq insan təlafatları ilə nəticələnən təxribatlar törətməsi bunun ən bariz nümunələrindəndir. Elşad İskəndərov bununla əlaqədar Vatikanın da beynəlxalq hüquq normalarına əsaslanaraq sülhü dəstəkləməyə dəvət edib.

Azərbaycandakı tolerant mühiti təqdir etdiyini söyləyən Kardinal Filoni öz növbəsində sülh, qarşılıqlı anlaşma, tolerantlıq sahəsində əldə etdikləri təcrübəni Azərbaycanla bölüşməyə hazır olduqlarını bildirib və katoliklərin bu ölkənin inkişafında iştirakının müsbət olacağına inamını ifadə edib. Bundan sonra komitə sədri Azərbaycandakı tolerantlığın dünya müstəvisində bölüşməsi üçün Vatikanı fəal iştiraka çağırıb, həmçinin Vatikanda ölkəmizlə bağlı arxiv materialların tədqiqatçılar tərəfindən daha aktiv işlənməsini təklif edib. Hər iki təklif razılıqla qarşılanıb.

Sonda ikitərəfli münasibətləri genişləndirməyin müxtəlif istiqamətləri müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə