UNESCO-nun ali müşaviri Bakıya gələcək

UNESCO-nun Broadband Komissioneri, İnformasiya Kommunikasiya Texnologiyalarının inkişafı üzrə ali müşaviri səfir Valter Fust 27-30 iyun tarixində Bakıda səfərdə olacaq. Azərbaycan Gənc Səfirlər Assosiasiyasından SİA-ya verilən xəbərə görə, səfər Azərbaycan Kooperasiya Universitetinin və Avrasiya Dialoqu Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılır.

Səfər zamanı qonağın Kooperasiya Universitetinin rəhbərliyi ilə keçirilən konfransda çıxış etməsi, müxtəlif nazirliklərin rəhbərləri və gənclərlə görüşü planlaşdırılıb. ICT üzrə ali ekspert V.Fust Azərbaycan Gənc Səfirlər Assosiasiyası, Azercell, ATL Consulting, Sazz İnternet şirkətlərinin rəhbərləri ilə görüşlər keçirəcək. Azərbaycanın dünya mədəniyyətinin incisi olan dünyada məşhur və ən qədim İsgəndəriyyə Kitabxanası ilə əməkdaşlıq, Mədəniyyətlərarası Dialoqdakı fəaliyyət, Azərbaycan ali təhsil müəssisələri ilə əməkdaşlıq müzakirə ediləcək.

Qeyd edək ki, səfir həm də Avrasiya Dialoqu Mərkəzinin Himayədarlar Şurasının üzvüdur. Valter Fust Bakı səfərindən sonra Tiblisə yola düşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə