Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününü ilə bağlı iməcilik keçirilib-FOTO

"Təmiz Şəhər" ASC ətraf mühitin qorunmasında gənclərin məsuliyyətinin artırılması məqsədilə hər il 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününü qeyd edir. ASC-dən SİA-ya verilən məlumata görə, 5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi günündən sonrakı ilk şənbə - iyunun 9-da "Təmiz Şəhər" ASC və "Xəzər" İnkişaf Fondu birlikdə iməcilik aksiyası keçirərək Şüvəlan çimərliyi ərazisini tullantılardan təmizləyib. Aksiyada "Təmiz Şəhər" ASC və "Xəzər" İnkişaf Fondunun əməkdaşları ilə yanaşı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, "Yaşıl Velosipedçilər" Klubu və "Green Baku" təşkilatının gənc üzvləri də iştirak etmişlər. Ümumilikdə aksiyanın 100-dən çox iştirakçısı çimərliyi müxtəlif tullantılardan təmizləyərək, paytaxt sakinləri üçün daha gözəl istirahət şəraiti yaratmış və onlar üçün örnək olmuşlar. İməcilik zamanı toplanmış tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Zərərsizləşdirilməsi Poliqonuna daşınmışdır.

Aksiyanın keçirilməsində məqsəd Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar gənclərin diqqətini ekoloji problemlərə yönəltmək, ətraf mühitin sağlam olmasında hər birimizin məsuliyyət daşıdığını bir daha vurğulamaq olmuşdur.

Qeyd edək ki, "Təmiz Şəhər" ASC belə tədbirləri yalnız xüsusi günlərdə deyil, mütəmadi olaraq həyata keçirir. Əhalinin ekoloji mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə belə tədbirlərin gələcəkdə də keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...