Sosial Şuranın ilk iclası keçirilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə qərarı əsasında yaradılan Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli Sosial Şura ilk iclasını keçirib. SİA-nın xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəis müavini Rauf Tagıyevin sədrliyi və beynəlxalq ekspertlərin, sosial tərəfdaşların nümayəndələrinin iştirakı ilə keçən iclasda Şuranın katibi seçildikdən sonra \"Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları\"nın layihəsi müzakirə üçün təqdim olunub. Layihə ilə tanışlıqdan sonra Şura üzvləri rəy və təkliflərini bildiriblər.


Qeyd edək ki, bu vaxtadək əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata kecirilməsi qaydası ayrıca hec bir normativ hüquqi aktda öz əksini tapmayıb və dövlət nəzarəti DƏMX-nin Əsasnaməsi, həmçinin DƏMX-nin vəzifəli şəxslərinin vəzifə funksiyalarını həyata keçirərkən müvafiq Göstəriş, Protokol və Təqdimat formalarının tətbiq və tərtib edilməsi Qaydaları əsasında həyata keçirilib. Yeni layihə isə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən dövlət nəzarətinin həyata kecirilməsi qaydalarını tam əhatə edir və layihə qəbul olunduqdan sonra Ədliyə Nazirliyində qeydiyyatdan kecərək normativ hüquqi akt statusuna malik olacaq. İclasda Şuranın gələcək fəaliyyəti barədə də fikir mubadiləsi aparılıb.


Məlumat üçün bildirək ki, Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli Sosial Şuranın tərkibində sosial tərəfdaşların - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının hər birindən 3 nümayəndə təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...