Ombudsman nümayəndəsi beynəlxalq konfransda iştirak edib

Ombudsman nümayəndəsi beynəlxalq konfransda iştirak edib

Bu günlərdə Fransanın Strasburq şəhərində Avropa Şurasının iqamətgahında İrqçilik və Dözümsüzlük əleyhinə Avropa Komissiyasının ayrı-seçkiliklə mübarizə hallarına həsr olunmuş ikigünlük seminarı keçirilib. SİA-nın xəbərinə görə, beynəlxalq seminarın işində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının şöbə müdiri Zaur Əliyev iştirak edib və "Ayrı-seçkiliyin qarşısının alınması sahəsində Azərbaycan ombudsmanının fəaliyyəti" mövzusunda çıxış edib.

Aparatın nümayəndəsi çıxışında qeyd edib ki, ayrı-seçkiliklə mübarizə sahəsində Ombudsmanın fəaliyyət istiqamətlərindən biri də bu sahədə maarifləndirmə işinin həyata keçirilməsindən ibarətdir. Müvəkkilin milli qanunvericilikdə, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, o cümlədən "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyada təsbit olunmuş insan hüquq və azadlıqlarının təbliği istiqamətində müntəzəm olaraq maarifləndirmə işi həyata keçirdiyi, onun təşəbbüsü ilə qeyri-hökumət təşkilatlarının və dini icmaların nümayəndələrindən ibarət "Sülh və inkişaf alyansı"nın yaradıldığı və fəaliyyət göstərdiyi nəzərə çatdırılıb. Maarifləndirmə sahəsində fəaliyyətin mühüm hissəsini isə Milli Fəaliyyət Planı və Milli Fəaliyyət Proqramı üzrə həyata keçirilən maarifləndirmə işinin təşkil etdiyi vurğulanıb.

Azərbaycanda bütün rayonlarını əhatə etməklə keçirilmiş regional ictimai dinləmələrdə Milli Məclisin müvafiq bölgələrdən olan deputatları, rayon icra hakimiyyətlərinin, məhkəmə, daxili işlər orqanları və prokurorluğun rəhbər işçiləri, bələdiyyələrin, dairə seçki komissiyalarının, QHT, KİV və icmaların nümayəndələrinin iştirak etdiyi, faydalı müzakirələrin aparıldığı və tövsiyələr verildiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə