Ombudsman ABŞ səfirliyinin müvəqqəti işlər vəkili ilə nə danışıb?

Ombudsman ABŞ səfirliyinin müvəqqəti işlər vəkili ilə nə danışıb?

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Adam Sterlinqi görüşüb. SİA-nın xəbərinə görə, görüşün məqsədi ABŞ Dövlət Departamentinin bu gün dünya ölkələrində insan hüquqlarına dair verdiyi illik hesabatın təqdimatından və ABŞ-ın ölkəmizdəki səfirliyinin siyasi məsələlər üzrə yeni təyin olunmuş ikinci katibi cənab Jeff Khurgel ilə tanışlıqdan ibarət olub. E.Süleymanova qonağa insan hüquqlarının müdafiəsi istiqamətində görülmüş işlər, işgəncələr əleyhinə Milli Preventiv Mexanizm qrupunun fəaliyyəti, dövlət qurumları, vətəndaş cəmiyyəti, QHT-lər, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələri haqqında məlumat verib. O, insan hüquqları sahəsində geniş maarifləndirmə işinin aparıldığını, təşəbbüsü ilə artıq üç tədris ilidir ki, Təhsil Nazirliyi ilə əməkdaşlıqda orta ümumtəhsil məktəblərində Uşaq hüquqları üzrə pilləli tədris layihəsinin uğurla həyata keçirilməsi, ilk olaraq Bakıdakı üç pilot məktəbində bu prosesə başlanılması, daha sonra paytaxtın on bir rayonunun hərəsindən bir məktəb seçilməklə bu prosesin davam etdirilməsi, habelə respublikanın bir neçə rayonunda da həmin layihənin uğurla həyata keçirilməsi barədə məlumat verib.

Ombudsman ABŞ Dövlət Departamentinin hesabatının çox kəskin hazırlandığını, ölkəmizdə insan hüquqları sahəsində vəziyyəti tam həqiqətə uyğun əks etdirmədiyini və təhriflərə yol verildiyini qonağın diqqətinə çatdırıb. O, eyni zamanda qeyd etmişdir ki, hesabatın Azərbaycan dilinə tərcümə edilmiş mətni təhlil olunaraq, həqiqətəuyğun iradlar olduqda nəzərə alınacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə