ADU-da “Xarici dillərin tədrisinin aktual problemləri” müzakirə olundu - FOTO
V Respublika elmi-praktik konfransı bu gün öz işinə başladı
Bu gün Azərbaycan Dillər Universitetində "Xarici dillərin tədrisinin aktual problemləri" adlı ikigünlük V Respublika elmi-praktik konfransı öz işinə başlayıb. SİA-nın ADU-nun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, konfransda rekrot, millət vəkili, professor Səməd Seyidov, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri Gültəkin Hacıyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun direktoru, professor Abdulla Mehrabov, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, profesor Asəf Zamanov, Bakı Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru, professor Aydın Kazımzadə iştirak edirdi.
ADU-nun akt zalında öz işinə başlayan Respublika konfransının plenar iclası Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov konfrans iştirakçılarını salamlayaraq, konfransın əhəmiyyəti haqqında danışdı. Ənənəvi olaraq hər il keçirilən konfransda Azərbaycanın müxtəlif orta və ali məktəbləri ilə fikir mübadiləsi aparıldığını bildirdi. Rektor birinci konfransa nisbətən bu gün orta məktəblərin nümayəndələrinin çoxluq təşkil etdiyini qeyd etdi. Rektor Səməd Seyidov yeni metodların tətbiqinin birbaşa orta və ali məktəblərdə öyrənilməsinin vacib olduğunu bildirdi. Təhsil Nazirliyinin nümayəndələrinin də iştirak etdiyi konfransı açıq elan edən rektor konfrans iştirakçılarına uğurlar arzuladı.
Sonra Azərbaycan Dillər Universiteti və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlama İnstitutu arasında memorandum imzlandı. Hər iki tərəf təhsil və elmi-tədqiqat sahəsində ümumi maraqlara əsaslanaraq əməkdaşlığın bir sıra prinsipləri haqqında razılığa gəldilər. Əməkdaşlıq psixologiya və pedaqogika elmləri sahəsində təcrübə mübadiləsi, tədris müəssisələrində psixoloji xidmətin təşkili, xarici dil mütəxəssislərinin-müəllimlərinin ixtisasartırmasının təşkili, yeni texnika və texnologiyaların mübadiləsi, yeni təlim metodları sahəsində təcrübə mübadiləsi, ikitərəfli birgə simpozium, konfrans və seminarların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak sahələrini əhatə edir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri Gültəkin Hacıyeva indiki dövrdə gənclərin xarici dilləri, xüsusilə də ingilis dilini öyrənməyə xüsusi maraq göstərdiklərini qeyd etdi. O, qloballaşma zamanı xarici dilləri öyrənən mütəxəssislərə və peşəkar
tərcüməçilərə tələbatın artdığını bildirdi. G. Hacıyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 May 2012-ci ildə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı haqqında" sərəncam imzaladığını iştirakçıların nəzərinə çatdırdı.
Daha sonra digər qonalar da təbrik nitqi ilə çıxış etdilər. ADU-nun Xarici Dillərin Tədrisi Metodikası kafedrasının dosenti Gülbəniz Camalova və Xətai rayonu 55 saylı orta məktəbin müəllimi Nailə Həsənova "Dil tərdisində layihə metodundan istifadə", Təlimdə İnnovasiyalar və Əlavə Təhsil kafedrasının müəllimi Türkan Əliyeva "İngilis dilinin qrammatikasının tədrisində İKT-nin tətbiqi və elektron dərsliklərdən istifadə yolları", İngilis dlilinin qrammatikası kafedrasının müəllimi Könül Hacıyeva " On-line proqramlardan istifadə etməklə tələbələrin produktiv lüğət ehtiyatlarının zəngiləşdirilməsi" mövzularında məruzə ilə çıxış etdilər.
ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov konfransın gedişatı və strukturu haqqında konfrans iştirakçılarını tanış etdi.
Bununla da ADU-da keçirilən "Xarici dillərin tədrisinin aktual problemləri" adlı V Respublika elmi-praktik konfransının plenar iclası başa çatdı. Konfrans öz işini bölmə iclaslarında davam etdirir.
Qeyd edək ki, konfransın bölmə iclaslarında 200-ə yaxın məruzə müzakirə ediləcək. Konfransın yekun iclası iyunun 8-də ADU-nun Heydər Əliyev adına muzey-lektoriyasında keçiriləcəkdir. Yekun iclasda bölmə rəhbərlərinin hesabatları dinləniləcək və yekun sənəd qəbul ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB