Həmkarlar İttifaqının Səbail rayon təşkilatının hesabat konfransı keçirilib

Səbail rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Səbail rayon komitəsinin hesabat konfransı keçirilib. İcra Hakimiyyətində SİA-ya verilən məlumata görə, həmkarlar təşkilatına daxil olan ilk həmkarlar təşkilatlarının sədrləri, rayondakı ictimai təşkilatların rəhbərlərinin iştirakı ilə keçirilən konfransı Səbail rayon komitəsinin sədri Mədaim Qədimov açıb. Yığıncağın gündəliyi və reqlamenti təsdiq olunduqdan sonra komitənin və təftiş komissiyasının hesabatları dinlənilib. Qeyd olunub ki, sonuncu konfransdan keçən müddət ərzində komitəyə daxil olan ilk təşkilatların sayı 6-dan 14-ə, üzvlərinin sayı isə 90-dan 245-ə kimi artıb ki, üzvlərin 102 nəfəri qadınlardır.

Hesabat dövrü ərzində komitə tərəfindən 27 nəfərə respublikanın müxtəlif sağlamlıq ocaqlarına, 60 nəfər ailə üzvü olmaqla 20 ailə Nabran istirahət zonasına güzəştli göndəriş alıblar. Həmkarlar komitəsi üzvlərinə 21000 ədəd yeni il şənliyinə, 1750 ədəd isə Novruz bayramı şənliklərinə pulsuz biletlər verilib, 151 nəfərə 1750 manat maddi yardım göstərilib, mədəni-kütləvi tədbirlərə 4461 manat vəsait sərf edilib. Komitə tərəfindən müxtəlif dövlət bayramlarının və üzvlərn yubiley tədbirlərinin keçirilməsi təşkil olunub, yeni tədris ili ərəfəsində Hİ üzvlərinin övladlarına məktəbli çantalarının və dərs ləvazimatlarının alınıb. Həmkarlar komitəsi üzvlərinin hüquq və mənafelərinin qorunması istiqamətində işlər davam etdirilir.

Konfransda çıxış edən ilk təşkilat sədrləri və üzvləri Ənvər Məmmədov, Yudin Həsənov, Rasim İbrahimov və başqaları ilk təşkilatlarda görülən işlər barədə məlumat verib, rayon komitəsinin işi "qənaətbəxş" hesab edilib.

Konfransın sonunda Həmkarlar İttifaqı Səbail rayon Komitəsinin plenum və komitə, təftiş komissiyası üzvləri, komitənin VII Qurultayına nümayəndələr seçilib.

Açıq səsvermə yolu ilə Mədaim Qədimov yenidən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Səbail rayon komitəsinin sədri seçilib.

Konfransda Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Əbülfəz Mehdiyev iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə