Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes
inzibatçılığı fakültəsinin təşkilatçılığı ilə noyabr ayında Bakıda Beynəlxalq
Elmi konfrans keçiriləcək. SİA-nın
xəbərinə görə, "I Biznes İnzibatçılığı və Korporativ Sosial Məsuliyyət" adlı Beynəlxalq
Elmi konfrans 23-25 noyabr tarixində Olimpik Hoteldə baş tutacaq. Konfransın
məqsədi dünyada biznes inzibatçılığı və korporativ sosial məsuliyyət sahəsində
tədqiqat aparan alim və mütəxəssisləri, həmçinin iqtisadçı ekspertləri bir
araya gətirərək bu sahələrdəki yenilikləri müzakirə edib, təkmilləşdirmək üçün
metodoloji dəstəyin təmin edilməsi və bu mövzuda müasir problemlərin həlli
yolları istiqamətində tövsiyyələr verməkdir. Konfransın əsas mövzusu da
qloballaşan dünyada biznes inzibatçılığı və korporativ sosial məsuliyyət
sahəsindəki yeniliklər və müasir problemlərdir.
Konfransın koordinatoru, Biznes inzibatçılığı
fakültəsinin müəllimi Fariz Əhmədov biznes inzibatçılığı və sosial məsuliyyət
sahəsində maraqlı olan hər bir şəxsin konfransda iştirakının mümkün olduğunu
bildirib: " Konfransa təqdim ediləcək məqalələr Azərbaycan, Türk, İngilis və
Rus dillərindən birində hazırlanmalıdır. Bu məqalələr konfransın elm komitəsi
tərəfindən qiymətləndiriləcək. 10-15 səhifə həcmində
qəbul ediləcək məqalələrin xülasəsi iyulun 16-dək bizə təqdim edilməlidir.
Məqalələrin tam mətnlərini isə sentyabrın 15-dək elektron variantda göndərə
bilərlər. Digər bir tələbimiz isə göndərilən məqalələrin daha əvvəl başqa bir
yerdə nəşr olunmamasıdır.Və bir iştirakçı konfransda ən çox iki məqalə ilə
iştirak edə bilər. Ümumiyyətlə, bütün şərtləri və əlavə məlumatları konfransın
saytından (www.bacsr.az)
saytından öyrənmək olar".
Fariz Əhmədov Azərbaycanda ilk dəfə olaraq biznes inzibatçılığı və korporativ sosial məsuliyyət sahəsində keçiriləcək olan bu beynəlxalq konfransın davamlı təşkilinin nəzərdə tutulduğunu da vurğulayıb. Onu da deyək ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra ölkədə bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq aparılan islahatlar nəticəsində yaradılan Biznes inzibatçılığı fakültəsi 1992-ci ildən fəaliyyət göstərir. Bu müddət ərzində fakültə öz zəngin maddi-texniki, elmi bazası ilə dünyada, xüsusilə də Azərbaycanda biznes inzibatçılığı elminin inkişafı və biznes strukturları üçün müasir kadrların hazırlanması istiqamətindəki fəaliyyəti ilə seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB