100-dən artıq tibb işçisi axtarılır

100-dən artıq tibb işçisi axtarılır

Daşkəsən rayonunun səhiyyə sistemində bir sıra çatışmazlıqların aradan qaldırılmasına ehtiyac var. Ölkənin əksər ucqar rayonlarında olduğu kimi Daşkəsəndə də tibb məntəqələrinin əksəriyyəti baxımsız vəziyyətdədir. Rəsmi statistikaya əsasən rayonda 23 tibb, 5 həkim məntəqəsi və 2 kənd xəstəxanası var. Bunlardan 8 tibb məntəqəsində ümumiyyətlə, həkim yoxdur. Digər sadalanan səhiyyə müəssisələrinin əksəriyyəti isə yararsız vəziyyətdədir. Sovet dönəmindən qalan tikililərin daha müasirləri ilə əvəzlənməsinə olduqca böyük ehtiyac duyulur. Daşkəsən rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mirzəkərim Tağıyevin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, istər tibb, istərsə də həkim məntəqələri və ya kənd xəstəxanalarında cari təmir işləri aparılır. Ancaq bu məsələnin tam həllinə imkan vermir.


Bundan əlavə rayonda həkim çatışmazlığı da ən ciddi problemlərdən biri hesab edilir. Daşkəsəndə 33 ixtisaslı həkimə və 70 orta tibb işçisinə ehtiyac var. Müsahibimiz deyir ki, iqlim şəraitinin əlverişli olmaması gənc kadrların Daşkəsənə gəlməsinə maneələr yaradır. Üstəlik buna əmək haqqı və mənzil məsələsi də daxildir.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə