Çingiz Qənizadə: “Yeni qanun informasiyanın əldə edilməsində yeni qaydaları müəyyənləşdirəcək” - MÖVQE

Çingiz Qənizadə: “Yeni qanun informasiyanın əldə edilməsində yeni qaydaları müəyyənləşdirəcək” - MÖVQE

"Bu gün ölkədə vətəndaşların hüquq və azadlıqları Konstitusiyamızın tələbləri çərçivəsində qorunur. Lakin informasiya əldə etmək o demək deyil ki, istənilən şəxs bütün məsələlərlə bağlı dərhal informasiya əldə edə bilər". Bunu SİA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə Milli Məclisin komitəsində müzakirə olunan "İnformasiya əldə etmək haqqında" qanuna müxalifət düşərgəsinin reaksiyasına münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, yeni qanun layihəsində sadəcə olaraq hansı hallarda informasiyanın əldə edilməsinə qadağa qoyulması məsələsi konkretləşib. Millət vəkilinin sözlərinə görə, əksinə, bu, ümumi işi daha konkretləşdirib, burada hər bir fərdin nəyi əldə edə bilməsi və edə bilməməsi məsələsinə ortadan sədd çəkilib.

"Jurnalistlər, vətəndaşlar və digər adamlar da bilməlidir ki, hansı məlumatları əldə edə bilər. Məsələn, insanların sağlamlığı, həyatı, dövlətin iqtisadi, hərbi və digər məxfi məlumatları ilə bağlı informasiyanın əldə olunması birmənalı qarşılana bilməz. Mətbuatın əli ilə informasiyanın üçüncü və ya ikinci şəxslərə, yaxud dövlətlərə düşmə ehtimalı var. Əgər biz bu işləri konkretləşdiririksə burada mənasız, məntiqsiz etirazlara, reaksiyalara ehtiyac yoxdur. Vətəndaşların biznes, sahibkarlıq fəaliyyəti və digər məsələlər qanunla qorunur. Bu baxımdan ayrı-ayrı vətəndaşların şəxsi həyatına, biznes fəaliyyətinə qara yaxmaq məqsədi ilə informasiya əldə etmək üçün çalışan insanlar artıq görəcək ki, bunu etmək olmaz. Sorğularına cavab ala bilmədikdə başqa cür reaksiya verərək hay-küy sala bilməyəcəklər. Yeni qanun informasiyanın əldə edilməsində yeni qaydaları müəyyənləşdirəcək. Ümid edirik ki, iyunun 12-də keçiriləcək Milli Məclisin plenar iclasında da bu məsələ səs çoxluğu ilə qəbul olunacaq".

Ç.Qənizadə əlavə edib ki, bu qanunun qəbul olunması ilə ümumilikdə həm iqtidar, həm də müxalifət mətbuatı qanunla qadağan olunmuş, eyni zamanda yalnız onların maraqlarını təmin edən informasiyanı yaymaq hüququndan məhrum olacaq: "Nəyə görə ölkənin hərbi siyasəti ilə bağlı məsələni kimsə bilməlidir, hansısa sahibkarın biznes fəaliyyəti ilə bağlı məsələ yayılmalıdır? Burada söhbət qanunun aliliyi və onun istifadəsindən gedir ki, hansı sahədə işlər görmək olar, hansında yox. Insan hüquq və azadlıqlarının pozulması ilə bağlı heç bir mənfi hal yoxdur, əksinə insanların hüquqlarının daha çox qorunmasına yönələn bir məsələdir".

Bütün xəbərlər Facebook səhifəmizdə