“Azərbaycan xalçaları-Gəncə qrupu” broşürü nəşr olunub - FOTOSESSİYA

“Azərbaycan xalçaları-Gəncə qrupu” broşürü nəşr olunub - FOTOSESSİYA

"Azər-İlmə" xalçaçılıq şirkəti növbəti nəşrini oxucularına təqdim edib. "Azərbaycan xalçaları öz qrupları" ilə silsiləsindən "Azərbaycan xalçaları-Gəncə qrupu" broşürü işıq üzü görüb. Şirkətdən SİA-ya verilən məlumata görə, nəfis tərtibatlı broşürdə Gəncədə xalçaçılığın təşəkkülü, inkişaf mərhələləri, səciyyəvi xüsusiyyətləri öz əksini tapıb. Oxucular bu nəşr əsasında Gəncədə toxunan ən nadir xalçalarla, onların özünəməxsus cəhətləri, toxunma texnologiyası, rəng və kompozisiya xüsusiyyətləri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, Gəncə xalçalarının özünəməxsus fərdi kolorit həlli var. Cəlbedici palitralı Gəncə xalçalarında daha çox şux çalarlar izlənilir. Ən çox istifadə edilən rənglər göy, yaşıl, sarı, mavi, qara və şəkəri tonlardır. Gəncə xalçalarının naxışları əsasən həndəsi formalı bəzək elementlərindən ibarətdir. Onların heç biri sadəcə görüntü olaraq vizual məna kəsb etmir. Hər bir naxışın öz mənası və təyinatı var.

Gəncə qrupu ən çox "Gəncə", "Qədim Gəncə", "Gədəbəy", "Çıraqlı", "Samux", "Çaylı", "Şadlı", "Faxralı" kompozisiyaları ilə tanınır. Burada toxunan xalçalardan "Samux", "Çaylı", "Faxralı" çeşniləri sabit formalı, qapalı tipli, ara sahəsi göllərlə bəzədilmiş bədii tərtibata malikdir.

Broşürdə oxuculara "Azər-İlmə"nin kolleksiyasında qorunan Gəncə qrupuna aid nadir xalçaların təsviri verilib. Məlumat üçün bildirək ki, broşür azərbaycan, rus, ingilis, fransız, alman və ərəb dillərində olmaqla altı dildə nəşr olunub. Nəşrin beynəlxalq tədbirlərdə, görüşlərdə paylanması, dünya sənətşünasları, tarixçiləri arasında yayılması nəzərdə tutulub.

Qeyd edək ki, layihənin rəhbəri professor Vidadi Muradovdur.









Bütün xəbərlər Facebook səhifəmizdə