Bu günlərdə Türkiyədə səfərdə olan azərbaycanlı jurnalistlər Türkiyənin bir çox tarixi yerlərində olublar. SİA-nın xəbərinə görə, səfər çərçivəsində jurnalistlərin yaxından tanış olduqları belə tarixi abidələrdən biri də İstanbulda yerləşən məşhur Topqapı sarayıdır. Azərbaycandan olan media təmsilçilərinə xüsusi olaraq ayrılan bələdçi tərəfindən abidələrin tarixi və əhəmiyyəti barədə ətraflı məlumatlar verilib. Bələdçi bildirib ki, Topqapı sarayı günümüzə qədər gəlib çıxan sarayların ən qədimi və genişidir. Atatürkün əmri ilə 1924-cü ildən bu yana muzey kimi istifadə olunur. Yerləşdiyi yer körfəzi, Boğaziçini və Mərmərə dənizini görən, çox gözəl mənzərəli, İstanbulun ilk inşa yeri kimi tanınan Akropol təpəsidir.
Sarayın birinci həyətinə Bab-i Hümayun kimi tanınan imperiya qapısından daxil olunur. Qapının çölündəki heykəl çeşməsi 18-ci əsr türk sənətinin ən gözəl nümunələrindəndir. Birinci həyətdə saray sobaları, dəftərxana, mühafizə alayı, odun anbarları və xüsusi meyvə baxçaları yerləşirdi. Topqapı sarayı muzeyinin ana girişi ikinci qapı olan Bab-üs Salam adlandırılan orta qapıdır. İkinci həyət dövlət və hökumətin idarə mərkəzidir. Yalnız sultanların at mindiyi bu həyətdə rəsmi işi olanlar, özəl ödəniş günlərində maaşlarını alan yeniçəri nümayəndələri, elçi qəbulları və dövlət mərasimləri keçirilirdi.
16-cı əsrin ortalarına qədər şəhərin digər səmtindəki Əski Sarayda yerləşirdi. Topqapı sarayı hərəmxanası dar uzun dəhlizlər, kiçik daxili həyətlər çevrəsinə yerləşdirilmiş 400-ə qədər otaqdan ibarətdir. Sultanın anası, bacıları, qardaşları, ailənin digər üzvləri, böyük ailəyə xidmət edən cariyə və hərəm ağalarının olduğu hərəmxana özəl bölüm sayılırdı. Çevrəsi tamamilə bağlı olan hərəmxana bölümü ilə bağlı əsrlər boyu bir çox əhvalatlar danışılıb.
Geniş saçaqlı "Divan-i Hümayun" bölümünün yanındakı böyük tikili dövlət xəzinəsi olub. 8 qübbəli bina köhnə silahların müasir formada nümayiş etdirildiyi zəngin bir kolleksiyadır. Sultanların istifadə etdiyi zireh və silahlarla, saray və ordu mənsublarının müxtəlif dövrlərdə istifadə etdikləri silahlar, digər ölkələrdən ələ keçirilənlərlə birgə saxlanır. İkinci həyətin sağ tərəfində 20 bacalı saray mətbəxləri yerləşir. Sarayda sayı 12.000-i keçən çin və yapon əşyalarının 2500-ə qədəri bu bölümdə yerləşir. Buranın mətbəx kimi istifadə olunduğu vaxt çalışan aşpazların və onların yardımçılarının sayı 1000-i keçir, bişirilən yeməklər müxtəlif otaqlara göndərilirdi.
Üçüncü həyətdə Bab-üs Sade adlandırılan, Ağ Xadim Ağalarının nəzarət etdiyi, lakin xüsusi icazə olmadan heç kimsənin daxil olmadığı qapıdan, sultanın özəl həyətinə girilirdi. Saray Universiteti, taxt otağı, sultanın xəzinə dairəsi və müqəddəs əşyalar bölümü burada yerləşirdi.
Həyətin sağ tərəfində nümayiş etdirilən sultan libasları kolleksiyasının dünyada bənzəri yoxdur. Xüsusi saray dəzgahlarında, əldə toxunmuş parçalardan tikilən libaslar 15-ci əsrdən bəri boxçaya qoyularaq xüsusi sandıqlarda saxlanır və sayı 2500 çatır. İpək, qızıl və gümüş simlərlə işlənən libaslar yanında türk sənətinin şah əsərləri olan sultanların istifadə etdiyi ipək xalı, xüsusi toxunma əşyaları nümayiş olunur.
Topkapı sarayı muzeyinin xəzinə kolleksiyası dünyanın ən zəngin kolleksiyasıdır. Müxtəlif əsrlərə aid türk zərgərliyinin şah əsərləri, Uzaq Şərq, hind və avropa əsərləri ilə birlikdə onları seyr edənləri valeh edir. Xəzinə bölümünün nümayişi 2001-ci ildə modernləşdirilərək dəyişdirilib.
16-cı əsrdə Misirin fəthi ilə saraya gətirilən İslamın müqəddəs əmanətləri həmin vaxtdan bəri bu bölümdə mühafizə olunur. Əmanətlərin nümayişindən əvvəl bölüm taxat otağı kimi istifadə olunub. Həzrəti Məhəmmədin qılıncları, yayı və dəyərli bir qutu içərisində qorunan xələti kolleksiyanın önəmli əşyalarıdır. Digər otaq vitrinlərində peyğəmbərin möhürü, saqqalının tükləri, məktub və ayaq izləri nümayiş edilir. İkili əlyazma Qurandan biri, Kəbənin açarları, önəmli din insanların qılıncları da burdadır. Sarayın üçüncü həyətindən dəhlizlərlə, baxçaların içindəki pavliyonlara keçilir.
Tarixi abidə ilə tanış olan jurnalistlər sonda xatirə şəkli çəkdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB