Qlobal məkanda diffamasiya məsələsi müzakirə edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Avropaya İnteqrasiya Mərkəzi (AİM) İctimai Birliyi tərəfindən "Ali məktəblərdə jurnalistika təhsilinin və informasiya-kommunikasiya strategiyalarının inkişafına dair hüquqi təşəbbüslər" adlı layihənin icrası çərçivəsində seminar keçirilib. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, "Qlobal məkanda diffamasiya məsələləri: müasir milli və beynəlxalq standartlar" mövzusunda media hüquq ekspertlərinin, jurnalistlərin və tələbələrin iştirakı ilə Azərbaycan Universitetində təşkil olunan seminarda diffamasiyanın anlayışı, komponentləri və dekriminalizasiyası məsələlərinə aydınlıq gətirilib, Avropa Məhkəməsi təcrübəsində diffamasiya işləri nəzərdən keçirilərək ətraflı müzakirələr aparılıb, eyni zamanda, Azərbaycan Respublikasının cinayət və mülki qanunvericiliyində diffamasiya ilə bağlı müddəalara xüsusi diqqət ayrılıb.

Tədbirdə mülki və cinayət diffamasiyası ilə bağlı faydalı fikir mübadiləsi aparılıb, ölkədə "böhtan və təhqir" anlayışlarına ümumi münasibətin dəyişilərək, bu terminlərin məzmunundakı cinayət xarakterli tendensiyasının mülki hüquqi kontekstdə nəzərdən keçirilməsini zəruri hesab edən mövqelər bildirilib, habelə bu əməllərə görə cinayət məsuliyyətinin milli qanunvericilikdə saxlanılmasını məqbul sayan fikirlər səsləndirilib. Layihə çərçivəsində "Beynəlxalq hüquq və Azərbaycan Respublikasının media qanunvericiliyi" kitabının çap olunaraq pulsuz yayımı da nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...