Dövlət Miqrasiya Xidmətinin 2012-ci ilin may ayına olan rəsmi statistik məlumatı açıqlayıb

Miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması ilə bağlı tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi istiqamətində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən 2012-ci ilin may ayında da müvafiq tədbirlər davam etdirilib.


İşəgötürənin ölkə qanunvericiliyinin tələbləri pozulmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən bir sıra sahibkarlıq subyektlərində yoxlamalar aparılıb. Keçirilmiş tədbirlər nəticəsində mövcud qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilmiş bir sıra sahibkarlıq subyektləri və əcnəbilər barəsində müvafiq tədbirlər görülüb.


Həmçinin may ayı ərzində 1.238 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmiş, onlardan 355 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılmış, 777 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 106 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.


Ümumiyyətlə ay ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 4.872 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.


Miqrasiya sahəsinə dövlət nəzarətinin gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən müvafiq tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə