“Tullantıdan sənətə” adlı beynəlxalq sərgi davam edir - FOTO

Heydər Əliyev Fondu, "Təmiz Şəhər" ASC və "İçərişəhər" DTMQİ tərəfindən Qala qəsəbəsində 1 iyun 2012-ci il tarixində rəsmi açılışı keçirilən "Tullantıdan sənətə" adlı beynəlxalq sərgi iyun ayının 10-na kimi davam edəcək. "Təmiz Şəhər" ASC-dən SİA-ya verilən məlumata görə, bu tədbirin Qala qəsəbəsində keçirilməsi heç də təsadüfi deyil. "Təmiz Şəhər" ASC artıq iki ildir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qala qəsəbəsində tullantıların idarəolunması sisteminin müasir standartlara uyğun qurulması üzrə pilot layihə həyata keçirir. Layihənin məqsədi Qala qəsəbəsində tullantıların çeşidlənmiş şəkildə toplanması, daşınması və utilizasiyasını müasir şəkildə təşkil etməkdir. Tullantı insan həyatının qaçınılmaz bir hissəsidir - hər zaman belə olacaq. Bu səbəbdən ətraf mühitə diqqəti artırmaq və planetimizin ekoloji sağlamlığına məsuliyyətli yanaşmanı təbliğ etmək məqsədilə rəssamlar tullantıları incəsənət əsərlərinin hazırlanmasında həm də ictimaiyyətin diqqətini tullantıların təsiri nəticəsində yaranan ekoloji problemlərə yönəltmə vasitəsi kimi istifadə ediblər.

Beynəlxalq sərgidə məşhur rəssamlardan Hans Şultun (Almaniya) "Tullantı layihəsi" adlı kompozisiyası, Mara Qoldvin və Maks Qassmanın (ABŞ) qəzet və politelin parçalarından hazırladığı "Xalça", Marta Yeku və Aleksandra Potekanın (Rumıniya) ev təsərrüfatında istifadəyə yararsız texnika, əşya, qab-qacaq, geyim və digər əmtəələrdən hazırladığı "Qızıl tullantı" kompozisiyası, Yan Korbesin (Almaniya) istifadə olunmuş şinlərdən hazırladığı "Yumşaq mebel" və "Motosikl" kompozisiyaları, tanınmış yerli rəssamlardan isə Rəşad Ələkbərovun plastik butulka və boruların köməyi ilə hazırladığı "Milli motivlər" adlı rəsm əsərləri, Dadaş Məmmədovun zibil qutularını istifadə edərək hazırladığı "Palitra" və digər kompozisiyalar nümayiş etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...