Məhkumların cəmiyyətə inteqrasiyası ilə bağlı görüş keçirilib - FOTO

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dövlət Məşğulluq və Sosial Təminat Xidmətlərinin rəsmiləri ilə "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyi əməkdaşlarının görüşü baş tutub. Bu görüşün keçirilməsi təşəbbüsü ilə "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyi çıxış edib. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, görüşün məqsədi ABŞ səfirliyinin dəstəyi ilə yaradılmış və keçmiş məhkumlara təmənnasız olaraq hüquqi, psixoloji və sosial dəstək verən "Cəza çəkməkdən azad edilmiş şəxslərə dəstək mərkəzi" ilə penitensiar müəssisələrdən azad olunmuşların sosial adaptasiyasına məsul strukturlarla əlaqələndirilmənin yaradılması idi.

Görüşdə çıxış edən, təşkilatın icraçı direktoru Elçin Salmanov bildirib ki, 5 il əvvəl ölkəmizdə \"Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanun qəbul edilməsinə, bir sıra dövlət proqramlarına bununla bağlı fəaliyyətlərin daxil edilməsinə, bu sahədə müəyyən işlərin aparılmasına baxmayaraq, bu gün də keçmiş məhkumların cəmiyyətə inteqrasiyası məsələsində müəyyən problemlər qalmaqdadır. Məhz bu səbəbdən "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyi belə bir mərkəzi yaratdı.

Görüş zamanı keçmiş məhkumların cəmiyyətə inteqrasiya ilə bağlı qarşılaşdığı problemlər, xüsusilə onların məşğulluq və sosial təminat məsələləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu sahədə gördüyü işlər barədə geniş müzakirələr aparılıb. Çıxışçılar "Cəza çəkməkdən azad edilmiş şəxslərə dəstək Mərkəzi"nin keçmiş məhkumlar üçün zəruriliyi və bu təcrübənin "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanunun tələblərindən irəli gələn və gələcəkdə yaradılması nəzərdə tutulan sosial adaptasiya mərkəzləri üçün faydalı olacağını vurğulanıb.Tədbir iştirakçıları bildirib ki, bütün sahələrdə olduğu kimi bu istiqamətdə də dövlət sektoru ilə ictimai sektorun birgə və əlaqəli fəaliyyəti müsbət nəticələrin əldə olunmasına dəlalət edən başlıca amillərdən biridir. Ölkəmizdə ildən-ilə təkmilləşən qanunvericilik bazasında da bu əməkdaşlığın tədricən təsbit edilməsi, bu sıradan "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanununda məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinə sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların mənafeyini təmsil edən ictimai birliklərin nümayəndələrinin də cəlb olunmasının göstərilməsi müsbət qiymətləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə