“İnkluziv Təhsil - Təhsil hər bir uşaq üçündür” devizi altında flaşmob keçirilib - FOTO
"İRƏLİ" İctimai Birliyi və "Dünyaya Baxış" Beynəlxalq Humanitar təşkilatı (World Vision) fiziki qüsurlu uşaqların təhsilə cəlb olunmasının əhəmiyyətini əks etdirən "İnkluziv təhsil və Azərbaycanda əlillik milli ictimai maarifləndirmə" adlı layihəyə start verilib. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, layihə çərçivəsində 1 İyun 2012-ci il tarixində 100 İRƏLİ fəalının iştirakı ilə İçərişəhər Qız Qalasının yanında "İnkluziv Təhsil - Təhsil hər bir uşaq üçündür" devizi altında flaşmob keçirilib. 100 gənc xüsusi hazırlanmış köynəklərdə fiziki qüsurlu uşaqların cəmiyyətə çatdırmaq istədikləri - "Özümə inanıram", "Mən bu cəmiyyətin bir üzvüyəm", "Təhsil hər bir uşaq üçündür", "Mənim də dostlarım, sinif yoldaşlarım olsun", "Mən evdə yox, məktəbdə təhsil almaq istəyirəm" və digər mesajları posterlər vasitəsilə veriblər.
Kampaniyanın əsas məqsədi Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara tətbiq olunan tədris praktikasını və onlara qarşı formalaşmış yanlış ictimai fikri dəyişmək, bütün uşaqların təhsildə xüsusi ehtiyacları olan individuallar olduqlarını qəbul etdirən metodika hazırlamaqdan ibarətdir. İnkluziv təhsil hər bir fərdin, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsilə çıxışın təmin olunmasını əhatə edən ümumi inkişaf prosesidir.
Qeyd edək ki, "İnkluziv təhsil və Azərbaycanda əlillik milli ictimai maarifləndirmə" layihəsi çərçivəsində bu günə qədər bir sıra tədbirlər həyata keçirilib. Belə ki, paytaxt ictimaiyyətini mövcud terminlə tanış etmək üçün şəhərin mərkəzi küçələrində bilbordlar vurulmuş, posterlər asılmış və bukletlər paylanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB