ETSN: “Kür və Araz çaylarında çirklənmə səviyyəsi normadan dəfələrlə artıqdır”

ETSN: “Kür və Araz çaylarında çirklənmə səviyyəsi normadan dəfələrlə artıqdır”
Ekologiya və Təbii Sərvətlər Nazirliyi may ayının III ongünlüyü üçün Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən keçirilən monitorinqin məqsədi Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək olub.


Məlumata görə, may ayının III ongünlüyündə Kür çayında suyun sərfi may ayının II ongünlüyünə nisbətən 47 m3/san artaraq 448 m3/san təşkil edib.


Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Belə ki, Şıxlı-2 məntəqəsində və Ağstafaçay su anbarında fenollar 2, mis birləşmələri 4, Ağstafaçayda fenollar 4, mis birləşmələri 3 dəfə YVQH-ni keçib.


May ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 3, I Şahsevən və Bəhramtəpə məntəqələrində fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.60-6.30 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə