Dövlət Miqrasiya Xidməti tərəfindən iki gün ərzində 656 əcnəbi saxlanılıb

Dövlət Miqrasiya Xidməti tərəfindən iki gün ərzində 656 əcnəbi saxlanılıb

Azərbaycan Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər mütəmadi olaraq davam etdirilir.


SİA-nın Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətinə istinadən verilən məlumata görə, iki gün ərzində Xidmət əməkdaşları tərəfindən aparılan yoxlamalar nəticəsində respublikanın şimal bölgəsində ümumilikdə 656 əcnəbi saxlanılıb. Belə ki, 30-31 may 2012-ci il tarixlərdə Dövlət Miqrasiya Xidməti tərəfindən ölkənin Quba və Qusar rayonlarında qanunsuz miqrasiyaya qarşı keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilmiş 656 əcnəbi aşkar edilib. Saxlanılan şəxslər barəsində Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.


Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında intensiv tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə