Millət vəkili Amasiyaya səfər edib

Millət vəkili Amasiyaya səfər edib

Türkiyənin Amasiya bölgəsində səfərdə olan millət vəkili Qənirə Paşayeva Amasiya bələdiyyəsinin sədri Cafer Özdemir və Amasiya valisi Abdil Cəlil Öz ilə görüşüb. SİA-nın məlumatına görə, görüş zamanı millət vəkili onlara Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. Qənirə Paşayeva onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Qənirə Paşayeva 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. Millət vəkili Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi zaman minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırım törətməsi, minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr tətbiq etməsi, bu gün də onlarla azərbaycanlının Ermənistanda əsir və girov saxlanılması barədə məlumatlar verib. Ermənistanın bu gün də işğal etdiyi Azərbaycan torpaqlarında qurduqları hərbi mövqelərindən atəşkəs rejimini pozaraq sivil insanları, qadınları, uşaqları snayperlərlə hədəfə alaraq qətlə yetirməsi kimi vandalizm aktlarını da onların diqqətinə çatdırıb.

Amasiya bələdiyyəsinin sədri Cafer Özdemir və Amasiya valisi Abdil Cəlil Öz Türkiyənin daim dost, qardaş Azərbaycanın yanında olduğunu bildiriblər.

Millət vəkili Türk rəsmilərinə Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar da təqdim edib. Amasiya bələdiyyə başçısı ilə görüşdə millət vəkili Qənirə Paşayeva Türk dünyasının qədim yurd yerlərindən olan Amasiya ilə Tovuz rayonunun qardaşlaşmış şəhərlər olması təklifini irəli sürüb və onun bu təklifi bələdiyyə başçısı tərəfindən dəstəklənib.

Millət vəkili Q.Paşayeva Amasiya bələdiyyəsinin sədri Cafer Özdemiri və Amasiya valisi Abdil Cəlili Azərbaycana rəsmi səfərə dəvət edib.


Bütün xəbərlər Facebook səhifəmizdə