"Təmiz Şəhər" ASC artıq bir ildən çoxdur ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan "Təmiz Qala" layihəsini uğurla həyata keçirir. "Təmiz Şəhər" ASC-dən SİA-ya verilən məlumata görə, layihənin başlıca məqsədi Qala qəsəbəsində əmələ gələn tullantıların yığılması, daşınması və utilizasiyası prosesini müasir standartlara uyğun təşkil etməkdir. Bu məqsədlə pilot ərazi kimi Qala qəsəbəsindəki tullantılar üzvi və qeyri-üzvi tullantılar üzrə ayrı-ayrılıqda toplanır və daşınır. Əhalinin tullantıların idarə olunması sahəsində məlumatlılığının artırılması və çeşidləmə prosesində fəal iştirakını təmin etmək məqsədilə mütəmadi olaraq geniş təşviqat və maarifləndirmə tədbirləri həyata keçirilir. Artıq "Təmiz Şəhər" ASC "Eko-Real" təşkilatı ilə birgə növbəti maarifləndirmə proqramı üzrə layihəyə start verilib. 2012-ci il ərzində davam edəcək layihə çərçivəsində Qala qəsəbəsinin orta məktəb şagirdləri və müəllim kollektivləri üçün seminarlar, məktəblilər üçün Balaxanı tullantı poliqonuna, həmçinin yandırma və çeşidləmə zavodlarına ekskursiyalar və iməciliklər təşkil ediləcək.
Layihə çərçivəsində həmçinin ilk görüş keçirilib. Görüşdə yerli sakinlər, bələdiyyə nümayəndələri və gənc ekoloqlarla yanaşı, media nümayəndələri də iştirak edib. Görüşdə "Təmiz Şəhər" ASC-nin layihələrin idarə olunması və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov qurumun fəaliyyəti, həmçinin Qala qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan tullantıların idarə olunması sisteminin müasir standartlara uyğun qurulması sahəsində görülən işlər, planlaşdırılmış fəaliyyət və əhalinin bu prosesdə rolu barədə məlumat verib, qəsəbə sakinlərini maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB