Sumqayıtda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib

Sumqayıtda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib
Beynəlxalq Diaspor Mərkəzi (BDM) və "Avey" Tədris Müəssisəsinin təşkilatçılığı ilə "1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibəti ilə Sumqayıt şəhərində tədbir keçirilib. BDM-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə , tədbir dövlət himninin səslənməsi və şəhid olmuş uşaqların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib. Tədbiri giriş sözü ilə BDM-nin sədri İsmayıl Ağayev açaraq uşaqları "1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibəti ilə təbrik edib və bildirib ki, bu gün uşaqların hüquqları beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə qorunmalıdır:


"Vaxtilə Xocalıda və bu gün də Suriyada günahsız uşaqların qətlə yetirilməsi tam bir vəhşilikdir. Bu gün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar bu vəhşiliyə göz yumur. Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın uşaqlarının Azərbaycan dilində danışdığına və hətta ana dili haqqında şeir dediklərinə görə təziqə məruz qalmaları uşaqların hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Biz gələcəyimiz olan uşaqları qorumalıyıq və xüsusən də xüsusi qayğıya ehtiyacı olan uşaqların bacarıqlarının inkişaf etdirilməsi, onların sosial mühitə inteqrasiyasına şərait yaratmalıyıq".


Daha sonra tədbirdə çıxış edən "Avey" Tədris Mərkəzinin rəhbəri Təranə Nəbiyeva, BDM-in Ağsaqqallar Şurasının sədr müavini, şair Əvəz Mahmud Lələdağ, BDM-in irsi dəyərlərin qorunması üzrə departament rəhbəri Sevil Qarakişiyeva dövlət tərəfindən uşaqlara yaradılan şəraitdən və qayğıdan danışıblar.


Sonra uşaqlardan ibarət rəqs qrupları, şən və hazırcavablar komandası çıxış edib, şeirlər, mahnılar səslənib. Tədbirdə həmçinin, "Çıraq" Uşaq İnkişaf Mərkəzi İB-nin və Saray qəsəbəsində yerləşən 7 saylı internat evinin nəzdində olan əqli və fiziki cəhətdən əngəlli uşaqların əl işləri və rəsm əsərlərinin sərgisi keçirilib. Uşaqlar arasında oyunlar keçirilib, mükafatlar və hədiyyələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə