Şıx və Sahil çimərliklərində bağırsaq çöpləri aşkar edilib

Şıx və Sahil çimərliklərində bağırsaq çöpləri aşkar edilib

Qaradağ və Səbail rayonu ərazisində yerləşən "Sahil","Şıx" çimərliklərində bakterioloji çirklənmə var. Bu barədə SİA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov məlumat verib.

Qeyd edək ki, Bakı və Abşeron yarımadasında yerləşən çimərliklərin monitorinqinin nəticələri açıqlanıb. Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, çimərliklərin mövsümə hazırlıq vəziyyəti öyrənilib, dəniz sularının laborator müayinələri aparılıb. Ziyəddin Kazımovun sözlərinə görə, dəniz suyunun fiziki, kimyəvi və toksikoloji analizlərin nəticələri əvvəlki illərdə keçirilən monitorinqlərin nəticələri ilə eyni olub: "Analizlərin nəticələrinə görə, Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zaqulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan, Hövsan çimərliklərində dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilindədir. "Sahil" və "Şıx" çimərliklərində isə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən dənizə axıdıldığına görə sözügedən çimərliklərdə bağırsaq çöpü bakteriyalarının miqdarı normadan artıqdır. Ona görə də həmin çimərliklərlə bağlı olaraq 2010-cu ildə verilən qərar bu il də qüvvədə qalacaq".Qeyd edək ki, son iki ildə mövcud vəziyyətin əhalinin sağlamlığı üçün ciddi təhlükə törətdiyi, əhali arasında yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsi nəzərə alınaraq, Səbail rayonunun "Şıx" və Qaradağ rayonun "Sahil" çimərliklərindən istifadə qadağan edilib.


Vüqar Əliyev


Bütün xəbərlər Facebook səhifəmizdə