Bakı qəsəbələrində sahibkarlara güzəştli kreditlər verilib

Bakı qəsəbələrində sahibkarlara güzəştli kreditlər verilib

Bu gün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Sabunçu rayonunun Ramana qəsəbəsində keçirilib. İqtisadi İnkişaf Nazirliyindən SİA-ya verilən məlumata görə, tədbirdə 100-ə yaxın sahibkar iştirak edib. Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş Sabunçu rayonu, Bilgəh qəsəbəsində faraş tərəvəz məhsullarının yetişdirilməsi üçün müasir istixana təsərrüfatının fəaliyyətinə baxış keçirilib.

Sonra öz işinə başlayan "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirində Sabunçu rayonunun, o cümlədən tədbirin keçirildiyi Ramana qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir çörək zavodunun, müasir quşçuluq kompleksinin, kiçik və orta həcmli istixana təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və digər metodiki materiallar paylanıb.

Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının müavini Şakir Alıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Sabunçu rayonunda da sahibkarlıq fəaliyyətinin genişləndiyini, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd edib.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini bildirib, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, Bakı şəhərində və onun qəsəbələrində görülən işlər barədə məlumat veriblər.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fond tərəfindən Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində görülmüş işlər, güzəştli kreditlər hesabına Bakı qəsəbələrində həyata keçirilən layihələr barədə məlumat verib. Qeyd edilib ki, bu ilin əvvəlindən ötən dövr ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 1071 investisiya layihəsinin maliyyələşdirilməsinə 93,7 milyon manat güzəştli kredit verilib. Bakı qəsəbələri üzrə isə 80 investisiya layihəsinin maliyyələşdirilməsinə 11,1 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 4070-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. 2011-ci ildə və bu ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına Bakı ətrafı kənd və qəsəbələr üzrə 290 investisiya layihəsinin, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 29 layihənin - faraş tərəvəz məhsulları və dekorativ bitkilər yetişdirilən 9 müasir istixana təsərrüfatı, 8 müasir quşçuluq təsərrüfatı, 7 müasir çörək istehsalı müəssisəsinin, ət kəsimi və ət emalı müəssisənin, yeyinti sənayesi məhsulları istehsalı müəssisəsinin, müxtəlif növ elektrotexniki avadanlıqlar istehsalı zavodunun, mebel fabrikinin və tikinti materialları istehsalı müəssisəsinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə 46,1 milyon manat güzəştli kredit verilib. Yeni texnologiyaların tətbiqinə əsaslanan layihələrdən 6-sı, o cümlədən 3 müasir istixana təsərrüfatı, 2 müasir çörək istehsalı müəssisəsi və 1 mebel fabriki istifadəyə verilib.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 18 sahibkarlıq subyektinə 2,2 milyon manatdan çox güzəştli kredit verilib. Bu kreditlər hesabına 370-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.



Bütün xəbərlər Facebook səhifəmizdə