İnsan hüquqları ilə bağlı son dinləmələr Bakıda keçirildi

İnsan hüquqları ilə bağlı son dinləmələr Bakıda keçirildi

Xəbər verdiyimiz kimi, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" (MFP) ilə bağlı müxtəlif regionlarda ictimai dinləmələr keçirib. SİA-nın xəbərinə görə, növbəti və sonuncu belə tədbir bu gün Ombudsman Aparatında Bakı şəhəri üzrə təşkil olunub.

İclasda ayrı-ayrı rayonların icra strukturlarının rəhbərləri, vətəndaş cəmiyyətinin nümayəndələri və digər ictiami xadimlər iştirak edib. Ombudsman Elmira Süleymanova ölkənin bütün ərazisində 18 iyun - Milli İnsan Hüquqları günü ilə əlaqədar İnsan hüquqları ayılığı çərçivəsində tədbirlərin keçirildiyini söyləyib və bu müzakirələrin vacibliyini vurğulayıb. O, ölkədə həyata keçirilən çoxşaxəli islahatlar, büdcənin artması, əhalinin rifah halının daha da yaxşılaşması, insanlar üçün layiqli həyat tərzinin təmini, bir milyondan artıq yeni iş yerlərinin açılması, işsizliyin və yoxsulluq səviyyəsinin azalması, əmək haqları və pensiyaların artırılmasını nəzərə çatdırıb.

Müvəkkil çoxsaylı milli azlıqların əmin-amanlıq, qarşılıqlı hörmət şəraitində yaşadığını, dini və milli tolerantlığın hökm sürdüyü Azərbaycanda hər hansı ayrı-seçkiliyə yol vermədən insan hüquq və azadlıqların müdafiəsinin dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu, həmçinin humanizm siyasəti davam etdirilərək qanunların və cəzaların liberallaşdırılmasını, 9 amnistiya aktının qəbul olunduğu və 51 əfv fərmanının imzalandığını diqqətə çatdırıb. O, ölkədə regionların sosial-iqtisadi inkişaf proqramının uğurla həyata keçirildiyini, Cəlilabad və təmsil olunmuş bütün rayonların sürətlə, geniş miqyasda inkişaf etdiyini, daha da müasirləşdiyini qeyd edib.

Ombudsman ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən və ölkədə insan hüquqları sahəsində ilk proqramı olan "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" barədə məlumat verib. Habelə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın (MFP) təsdiq edildiyini və bu sənədin 2006-cı ildən uğurla həyata keçirilən İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının məntiqi davamı olaraq yeni prioritetlərə uyğun konkret istiqamətlər və tədbirlər müəyyən etdiyini vurğulayıb. Müvəkkil eyni zamanda bəzi regionlarda problemlərin və çatışmazlıqların olduğunu qeyd edib, insan hüquqları sahəsində vəzifələrin birgə səylərlə uğurla həyata keçiriləcəyini vurğulayıb. O, regionlarda və paytaxda MFP-nin icrası, insan hüquqlarının müdafiəsi və digər zəruri məsələləri müzakirəyə çıxarıb.

Tədbirin davamında Bakının rayon icra hakimiyyətlərinin rəhbər işçiləri, nümayəndələri və digər iştirakçılar çıxış edərək regionda həyata keçirilən fəaliyyət, MFP üzrə təsdiqlənmiş tədbirlərin həyata keçirildiyi, insan hüquqları sahəsində aparılan iş və əhali arasında hüquqi maariflənmə barədə məlumat veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə