Dövlət qulluğuna qəbulda şəffaflıqla bağlı dəyirmi masa keçirib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya "Dövlət qulluğuna qəbulda şəffaflıq və etik tələblər" mövzusunda dəyirmi masa keçirib. SİA-nın məlumatına görə, dəyirmi masada komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərov, qurumun Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcdbəyli, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri və ekspertlər iştirak edib.

Tədbir "Etik daranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun 22.1.6 maddəsinə uyğun olaraq dövlət qulluqçularının etik davranış məsələləri üzrə kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları və ekspertlərlə əməkdaşlıq edilməsi, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Əsasnaməsinə uyğun olaraq dövlət qulluğuna qəbulda şəffaflığın təmin edilməsi üzrə görülmüş tədbirlərin və dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə məlumatın ictimaiyyətə çatdırılması və dövlət qulluqçularının etik davranış məsələləri üzrə ictimaiyyətin rəyinin öyrənilməsi məqsədilə təşkil edilib.

Komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərov çıxışında bildirib ki, komissiya qeyri- hökumət təşkilatları ilə birgə əməkdaşlığa xüsusi önəm verir və sıx əlaqələr yaratmağa səy göstərir. Daha sonra V.Əsrərov 2011-ci ildə etik normalarla bağlı məlumatları diqqətə çatdırıb. "2011-ci ildə dövlət qulluqçularının etik davranışları ilə bağlı 62 şikayət komissiyanın rəsmi saytına daxil olub. Şikayətlərin hər biri müvafiq orqanlar tərəfindən araşdırılıb. Bu şikayətlərdən 32-si müəssisələrlə, 16-sı imtiyaz və güzəştlərin əldə edilməsilə bağlı olduğu, 10-nun əsasız olduğu araşdırmalar nəticəsində məlum olub. Həmçinin komissiyaya 679 şikayət daxil olub ki, bununla da 588-nə töhmət, 53 qulluqçunun işinə xitam verilib, 24 nəfər bir il müddətində əməkhaqqından azad olunub. 20 dövlət qulluqçusu isə digər cəza tədbirlərilə cəzalandırılıb"-deyə əlavə edib.

Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcdbəyli isə qurumun dövlət qulluğuna dair keçirdiyi imtahanlar barəsində məlumat verib. O, komissiya tərəfindən keçirilən dövlət qulluğuna qəbul imtahanına 28059 nəfərin müraciət etdiyini, 2107 nəfərin isə iddia etdiyi vəzifəyə qəbul olunduğunu bildirib. Bu da bütövlükdə dövlət qulluqçularının 7,1%-ni təşkil edir.

Tədbir komissiyanın əməkdaşları ilə qeyri-hökumət təşkilatları və ekspertlər arasında dövlət qulluğuna qəbulda şəffaflıq və etik davranışlara əməl edilməsi vəziyyəti barədə müzakirələr əsasında başa çatıb.


Nərmin

Bütün xəbərlər Facebook səhifəmizdə