İçəri Şəhərdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd ediləcək

İçəri Şəhərdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd ediləcək
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə İçəri Şəhərdə bir sıra tədbirlər təşkil olunacaq. İdarənin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 31 may saat 16:00-da "Arxeoloji Park"da \"DA-ART\" uşaq təsviri incəsənət mərkəzinin tələbələrinin müəllifləri olduqları foto, rəsm və digər əl işlərindən ibarət "Tarix uşaqlarımızın gözü ilə" adlı sərgi təşkil olunacaq. Sərgi zamanı uşaqlar müxtəlif tətbiqi-sənət nümunələrini əyani şəkildə hazırlayacaq və arzu edən şəxslərə qısa "master klass"lar keçəcəklər. Tədbir M.Maqomayev adına 26 saylı uşaq musiqi məktəbinin şagirdlərinin və 160 saylı klassik gimnaziyanın özfəaliyyət kollektivlərinin musiqili çıxışı ilə müşayiət olunacaq. İyunun 1-də "Birliyə Doğru" Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyi ilə birlikdə Qoşa Qala Qapısı meydanında "Yay Xeyriyyə Bazarı" adlı xeyriyyə tədbiri keçiriləcək. Xeyriyyə bazarında bəzək əşyaları, suvenirlər və müxtəlif əl işləri satışa qoyulacaq. Toplanılacaq gəlir isə xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum olan uşaqlar üçün "Yay Camp" düşərgəsinin təşkil olunmasına sərf olunacaq. Bununla yanaşı iyunun 1-i Qız Qalası, Sıratağlı dini-memarlıq kompleksi, Şirvanşahlar Sarayı Kompleksi, Numizmatika ekspozisiyasına və "Qala" qoruğuna giriş uşaqlar üçün ödənişsiz olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə