Azərbaycan Maliyyə Monitorinq Xidməti yeni qaydalar tətbiq edir

Azərbaycan Maliyyə Monitorinq Xidməti yeni qaydalar tətbiq edir

Dövlət orqanları tərəfindən elektron xidmətlər göstərilməsinin təşkili sahəsində görülən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin başlıca funksiyaları üzrə müasir informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirilir. Xidmətdən SİA-ya verilən məlumata görə, buna uyğun olaraq monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən məlumatların qəbulu, emalı və təhlili üzrə BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) məhsulu olan "goAML" analitik sistemi tətbiq edilir.

Yeni sistemin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində tənzimlənmə sisteminin əsaslandığı normativ hüquqi bazanın da təkmilləşdirilməsi təmin olunub.

"Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması Qaydaları"nın yeni variantı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb və 03 may 2012-ci il tarixindən qüvvəyə minib.

Bu qaydalar monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməli olan məlumatların siyahısını, habelə məlumatların təqdim edilməsinin forma və vasitələrini və digər müvafiq tələbləri müəyyən edir.

Sözügedən qaydaların yeni variantındakı əsas dəyişikliklər monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların Maliyyə Monitorinqi Xidmətinə ötürülməsi, qəbulu və emalı sisteminin müasir informasiya texnologiyaları əsasında elektronlaşdırılmasından irəli gələn tələblər üzrədir. Eyni zamanda, müvafiq təhlillərin daha dəqiq aparılması, risklərin qiymətləndirilməsi və risk tendensiyalarının müəyyən edilməsi məqsədilə məlumatların təqdim olunmasına dair yeni formada müştəri, benefisiar eləcə də əməliyyata dair tələblərdə dəyişikliklər edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə