“Avropada 3 aylıq bir səyahətim” adlı kitabının təqdimatı keçirilib - FOTO

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "İRƏLİ" Tədqiqatlar və İnkişaf Mərkəzinin dəstəyi ilə "İRƏLİ" İctimai-Siyasi Elmlər Kitabxanası layihəsi çərçivəsində XX əsr Azərbaycan ictimai fikrinin tanınmış nümayəndəsi, dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirinin müavini Adil xan Ziyadxanlının nəşr edilmiş "Avropada 3 aylıq bir səyahətim" adlı kitabının təqdimetmə mərasimi və ictimai müzakirəsi keçirilib.

İctimai Birlikdən SİA-ya verilən məlumata görə, tədbirdə "İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev, akademik Vasif Məmmədəliyev, tarix elmləri namizədi, professor Anar İskəndərov, Strateji Araşdırmalar Mərkəzinin Daxili Siyasət şöbəsinin müdiri Tahirə Allahyarova, "İRƏLİ" İctimai-Siyasi Elmlər Kitabxanası layihəsinin rəhbəri, Bakı Slavyan Universitetinin doktorantı Eldar Əmirov və "İRƏLİ" fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan "İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev qonaqları və iştirakçıları salamlayıb, kitabda qeyd olunan məsələlərin önəmi və gənclərin gələcəkdə bu kitabdan bəhrələnə biləcəkləri barədə danışıb.

Daha sonra ekspertlər Adil xan Ziyadxanlının həyat və siyasi fəaliyyəti haqqında məlumat verib və kitabın əhəmiyyətindən bəhs edib.

Tədbir ümumilikdə diskussiya şəklində davam edib, iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb və kitabda toxunulan məsələlər müzakirə olunub.

Sonda qonaqlar gənclərin bu gün kitaba olan maraqlarını alqışlayıb və onlar tərəfindən ictimai müzakirənin keçirilməsini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, kitab özündə xalqımızı Avropa mədəniyyətinin bütün nailiyyətləri ilə tanış edərək, cəhalətə yox deməyə və inkişaf yoluna qədəm qoymağa çağırır.

Xatırladaq ki, "İRƏLİ" Tədqiqatlar və İnkişaf Mərkəzinin dəstəyi ilə "İRƏLİ" İctimai-Siyasi Elmlər Kitabxanası layihəsi çərçivəsində "Cahiliyyət dövrünün ərəb sivilizasiyası" və "İslam nöqtəyi - nəzərindən nigah və cinsi həyat" adlı kitablar nəşr edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə