Sabir Rüstəmxanlı: “İran öz əhalisinin Azərbaycana meyllənməsindən narahatdır”- MÜSAHİBƏ

Sabir Rüstəmxanlı: “İran öz əhalisinin Azərbaycana meyllənməsindən narahatdır”- MÜSAHİBƏ

Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlının SİA-ya müsahibəsi:

- İranın Azərbaycanla bağlı anti-türk siyasət yeritməsinin səbəblərini nədə görürsünüz?

- Azərbaycan hər zaman İranla dostluğun möhkəm və səmimi olmasına çalışan bir respublikadır. Təəssüf ki, heç vaxt İrandan buna uyğun adekvat cavab görmürük. İran üzdə Azərbaycana dost münasibəti bəsləsə də davamlı olaraq Azərbaycanın düşmənlərini müdafiə edir. Digər bir tərəfdən terrorçu və işğalçı bir dövlət olan, əslində isə tarixi Azərbaycan torpaqlarının ərazisində qurulan İran İslam Respublikasının Ermənistana bu cür ardıcıl yardım etməsi heç bir məntiqlə izah oluna bilməz. Bildiyimiz kimi, təxminən 200 il bundan əvvəl Azərbaycan İran və Rusiya arasında parçalanıb. Elə həmin dövrdən də İranda anti-türk siyasəti başlayıb. Burada molla rejimi dindən daha çox farsların mənafeyinə xidmət edir. İranın Azərbaycana hücumları mənə bir atalar sözünü xatırladır: "Eşşəyə gücü çatmır, palanı döyür". Əslində İrana düşmənçilik edən dövlət Azərbaycan deyil. İran ona düşmən olan başqa gücləri axtarıb tapmalıdır.

- İranın bu gün beynəlxalq arenadakı rolunu necə qiymətləndirmək olar və o, qonşularla münasibətini pozaraq nəyə nail olmaq istəyir?

- İran atom enerjisi və silahına nail olmaq istəyir, digər dövlətlər isə buna qarşıdır. Mənim fikrimcə, Avropa ölkələri atom enerjisinə sahib olduqları bir vaxtda müsəlman ölkələri bunu əldə etmək hüququna malikdirlər. Əgər həqiqətən də İran dinc məqsədlərlə atom enerjisinə sahib olmaq istəyirsə, bu elmin inkişafına böyük tövfədir. İranın enerji növlərinin məhdudlaşdığı bir dövrdə atom enerjisini əldə etməsi çox təbii haldır. Amma bununla yanaşı, İranın səmimiyyətinə inanmıram və bilirəm ki, bunun ardınca digər silahlar ortaya çıxacaq. Belə səbəblərdən də NATO və Avropa bunu qəbul etmir. İran isə Qərblə bu məsələ barəsində razılaşmaya gəlməlidir. Amma təəssüf ki, İran bu məsələ barəsində düşünmür, əksinə Azərbaycana qarşı düşmənçilik fəaliyyətini həyata keçirir. İran həm türk, həm də ərəb dövlətləri üzərində sözü keçən bir dövlətə çevrilmək istəyir. İranın böyük problemlərindən biri də budur, lakin nə ərəb, nə də türk dövlətləri bunu qəbul etmir. İmkanları ilə istəkləri arasında yaranan ziddiyyət davamlı olraq İranı çıxılmaz vəziyyətdə qoyur.

- Sizin fikrinizcə, İranın Azərbaycana qarşı göstərdiyi bu qərəzli siyasətin arxasında nə dayanır?

- Azərbaycan Respublikasından İrana qarşı təhlükə yoxdur, lakin İrandakı azərbaycanlıların taleyi bizi düşündürür. Ola bilsin ki, bundan sonra Azərbaycanla İran arasındaki münasibətlər bərpa olundu və 20 il bundan qabaq yaranmış münasibətlər daha da inkişaf etdirildi. Bunların heç biri isə İranda yaşayan 35 milyonluq Azərbaycan türkünün taleyinin həlli demək deyil. Azərbaycan dövləti inkişaf etdikcə davamlı olaraq İran öz əhalisinin buraya meyllənməsindən narahat olacaq. Ona görə də İran gələcəyini etibarlı şəkildə qurmaq istəyirsə, ilk növbədə əhalisinin istəyinə diqqət yetirməli, azərbaycanlılar üçün məktəb açılmalı, tarixini saxtalaşdırmamalı, sərvətinin əlindən almamalı, digər vilayətləri kimi azərbaycanlılarında məskunlaşdığı vilayətlərin inkişafına fikir verməlidir. Azərbaycan İranın başıdır və İran başsız məhv ola bilər. İran bu cür düşünür və elə bu səbəbdən də Azərbaycandan əl çəkmək istəmir. Urmiya gölünün ekoloji faciəyə çevrilməsinin də arxasında İranın anti-Azərbaycan siyasəti dayanır. Çayları bağlamaqda məqsəd bu gölü qurutmaqdır ki, nəticədə də Azərbaycan əhalisi öz yurd-yuvalarından didərgin salınsın. Ona görə də İranda türk düşmənçiliyini gizlətmək mümkün deyil. Biz istərdik ki, İran dünya təcrübəsinə baxsın, öz əhalisinin və qonşularının istəyinə hörmət etsin.

Bütün xəbərlər Facebook səhifəmizdə